Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikası Dövlət İnternet-informasiya Ofisinin naziri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası Dövlət İnternet-informasiya Ofisinin naziri Cuan Junvenin rəhbərlik etdiyini nümayəndə heyəti ilə görüşüb.


Görüşdə strateji tərəfdaşlıq mərhələsinə yüksəlmiş Azərbaycan ilə Çin əlaqələrinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Dostluq, qarşılıqlı hörmət və dəstək prinsiplərinə söykənən dövlətlərarası əlaqələrin inkişafında ölkə başçılarının xüsusi rolu vurğulanaraq, mövcud olan fəal siyasi dialoqla yanaşı, iqtisadi, ticarət, yaşıl enerji, rəqəmsal texnologiyalar, innovasiya və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirilib.
Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova ötən ay Asiya üçün Boao Forumunun illik konfransında iştirakını məmnunluqla xatırladaraq, konfrans çərçivəsində Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Cao Lici ilə keçirdiyi görüşü parlamentlərarası əlaqələrin inkişafı baxımından yüksək qiymətləndirib, aparılan danışıqlar zamanı əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi barədə fikir mübadiləsi aparıldığını bildirib.

Arzu Paşaqızı