Milli Məclisdə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilib

Aprelin 23-də Milli Məclisin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilib.


Tədbiri açan komitə sədri Siyavuş Novruzov bildirib ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi Azərbaycanın bütün sahələrində olduğu kimi, regionların inkişafı, idarəetmənin təkmilləşdirilməsi və yerli özünüidarəetmə institutlarının formalaşdırılmasında da mühüm rol oynayıb. O, qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı Heydər Əliyevin rəhbərliyi dövründə dövlət siyasətinin əsas istiqamətlərindən biri olub.
Siyavuş Novruzov çıxışında Ulu Öndər Heydər Əliyevin regionlara mütəmadi səfərlər etdiyini, yerlərdə mövcud vəziyyətlə birbaşa maraqlandığını və bölgələrin inkişafı üçün məqsədyönlü addımlar atdığını bildirib. Vurğulanıb ki, həmin dövrdə bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra olunub, yollar salınıb, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilib, yeni istehsal sahələri yaradılıb.

Arzu Paşaqızı