Sahibə Qafarova Özbəkistanın baş prokuroru ilə görüşüb
İyulun 20-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının baş prokuroru Niqmatilla Yuldoşevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında strateji müttəfiqlik münasibətləri, parlamentlərarası əlaqələr, hüquq və qanunvericilik sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.
Milli Məclisin sədri ölkələrimiz arasında münasibətlərin qardaşlıq, dostluq və qarşılıqlı etimada əsaslandığını bildirib. O, dövlətlərarası əlaqələrimizin keyfiyyətcə yeni mərhələyə yüksələrək strateji müttəfiqlik səviyyəsinə çatmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq və etimada əsaslanan siyasi dialoqun mühüm rolunu vurğulayıb. Bildirilib ki, Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir, beynəlxalq platformalarda bir-birinin mövqeyini ardıcıl şəkildə dəstəkləyirlər.



Arzu Paşaqızı