Sahibə Qafarova Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 16-da ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb.


Görüşdə Azərbaycan ilə Fələstin arasında dostluq münasibətlərindən və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıqdan bəhs edən parlamentin spikeri qeyd edib ki, ölkələrimizi ortaq dini-mənəvi və ailə dəyərləri, habelə xalqlarımız arasında mövcud olan dostluq münasibətləri birləşdirir. Dövlətlərarası əlaqələrin dərinləşməsində yüksək səviyyəli səfərlərin, eləcə də keçirilən görüşlərin mühüm rolunu vurğulayan Milli Məclisin sədri, Fələstin Baş nazirinin ölkəmizə cari səfərinin iki ölkə arasında münasibətlərin daha da inkişafına və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Spiker Sahibə Qafarova Azərbaycanın Fələstin məsələsində prinsipial mövqe tutduğunu qeyd edərək, bu mövqeyin beynəlxalq təşkilatlar çərçivəsində də ardıcıl şəkildə izləndiyini vurğulayıb.

Arzu Paşaqızı