Sahibə Qafarova Bakıda Slovakiya Respublikasının milli bayramı münasibəti ilə keçirilən tədbirdə çıxış edib
Sentyabrın 29-da Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibəti ilə Bakıda keçirilən tədbirdə iştirak edib.
Tədbirdə çıxış edən Milli Məclisin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb, bu əlamətdar gün münasibətilə dost Slovakiya xalqını ürəkdən təbrik edib.
Spiker bildirib ki, bu gün Azərbaycan ilə Slovakiya arasında münasibətlər ənənəvi dostluq, qarşılıqlı hörmət və etimada əsaslanır və xüsusən son illərdə bu münasibətlərin intensiv inkişafının şahidi oluruq.
Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin dekabr ayında Slovakiyaya ilk rəsmi səfəri, Slovakiya Prezidenti Peter Pelleqrininin və Baş nazir Robert Fitsonun 2024-cü və 2026-cı illərdə Azərbaycan Respublikasına rəsmi və işgüzar səfərlərinin iki ölkə arasındakı fəal siyasi dialoqu bariz şəkildə nümayiş etdirdiyini deyən Milli Məclis sədrinin sözlərinə görə, ölkə rəhbərlərinin siyasi iradəsi və ikitərəfli əlaqələrə ardıcıl yanaşması sayəsində Azərbaycan-Slovakiya münasibətləri qısa müddət ərzində ən yüksək səviyyəyə – strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qeyd olunub ki, ölkələrimizi maraqlandıran məsələlərə dair prinsipial mövqe, nümayiş etdirilən həmrəylik və qarşılıqlı dəstək bu tərəfdaşlığı xarakterizə edən mühüm xüsusiyyətlərdir.
Arzu Paşaqızı