Parlamentinin 8 oktyabr 2026-cı il tarixli qətnaməsinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti
Azərbaycan Respublikasının Milli Məclisi 2026-cı il oktyabrın 8-də Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və azadlıqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edir.
“turaninsesi.az“xəbər verir ki, bununla əlaqədar xüsusi qeyd edilməlidir ki, Avropa Parlamentinin Azərbaycana qarşı həyata keçirdiyi məqsədyönlü siyasi xətt İkinci Qarabağ müharibəsindən sonra daha böyük dərəcədə qarşıdurma xarakteri almışdır. Son illərdə bu təşkilatın qəbul etdiyi çoxsaylı qətnamələr, ölkəmizə siyasi təzyiq göstərmək cəhdləri və sanksiyalar tətbiq edilməsi barədə çağırışları Azərbaycanın tarixi qələbəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların Avropa Parlamenti tərəfindən tanınmaması kimi qiymətləndirilməlidir.
Digər tərəfdən, Avropa Parlamentinin suveren ölkənin dövlət orqanlarının səlahiyyət dairəsini müəyyən etməyə, onun hüquq-mühafizə və məhkəmə qurumlarına göstərişlər verməyə, ikitərəfli münasibətlərin siyasi şərtlərini müəyyənləşdirməyə haqqı çatan fövqəlmilli hakim kimi çıxış etmək cəhdlərindən əl çəkməməsi təəccüb doğurur. Bu cür davranış tərzi Avropa Parlamentinin yanaşmalarında obyektivliyi ciddi şübhə altına alır və onun Azərbaycanla münasibətləri hüquq bərabərliyi, qarşılıqlı hörmət və daxili işlərə qarışmama prinsipləri əsasında qurmağa hazır olmadığını göstərir.
Arzu Paşaqızı