TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının onlayn iclasında
Oktyabrın 8-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının “TÜRKPA-ya üzv dövlətlərin ərazisində vahid informasiya məkanının yaradılması” mövzusuna həsr olunmuş videokonfrans formatında 13-cü iclası keçirilib.
“turaninsesi.az” xəbər verir ki, iclasda TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər üzrə komissiyasının sədr müavini, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva və komissiyanın üzvü, deputat Hikmət Məmmədov iştirak ediblər.
Çıxışı zamanı Günay Əfəndiyeva TÜRKPA-ya üzv dövlətlər arasında etibarlı məlumatların operativ mübadiləsinin və dezinformasiyaya qarşı birgə mübarizənin əhəmiyyətini vurğulayıb. O, vahid informasiya məkanının yaradılmasında mövcud resurslar arasında səmərəli qarşılıqlı əlaqənin təmin edilməsinin vacibliyini qeyd edib. Deputat süni intellekt, rəqəmsal jurnalistika və informasiya təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilməsinin zəruriliyini bildirib. Həmçinin milli qanunvericiliklərin xüsusiyyətləri nəzərə alınmaqla məlumat və qanunvericilik təcrübəsi mübadiləsinin inkişaf etdirilməsinin önəmini vurğulayıb.
Arzu Paşaqızı