Milli Məclisin plenar iclasında 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb

Noyabrın 18-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. İclasda hökumət üzvləri və nümayəndələri iştirak ediblər.
Tədbirdə ötən gün plenar iclasda təqdim olunan gündəliyin 8-ci məsələsi – Meşə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Yerin təki haqqında”, “Tullantılar haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Tibbi sığorta haqqında”, “Avtomobil yolları haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Büdcə sistemi haqqında”, “Dövlət borcu haqqında”, “Gömrük tarifi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Hesablama Palatası haqqında”, “Dövlət satınalmaları haqqında” və “Balıqçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ətrafında müzakirələr davam etdirilib.Müzakirələrdə parlamentin komitə sədrləri Fazil Mustafa, Zahid Oruc, deputatlar Aydın Hüseynov, Əlibala Məhərrəmzadə, Azər Badamov, Məşhur Məmmədov, Rəşad Mahmudov çıxış edərək bəzi qeyd və təkliflərini diqqətə çatdırıblar.Millət vəkilləri vurğulayıblar ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri ölkə iqtisadiyyatının şaxələndirilməsi, özəl sektorun inkişafının sürətləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və dayanıqlı iqtisadi artımın təmin edilməsidir.

Arzu Paşaqızı