Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüş keçirilib
Noyabrın 18-də Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının deputatları ilə görüşüblər.
“turaninsesi.az” xəbər verir ki, işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə Azərbaycan-Ukrayna münasibətlərinin müxtəlif istiqamətlər üzrə inkişaf etdiyini bildirib. O, yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı etimad və dəstəyin əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını vurğulayıb. Həmçinin xalqlarımız arasında tarixən formalaşmış dostluq münasibətlərinin və ortaq dəyərlərin dövlətlərarası əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib.
Ukrayna Ali Radasının deputatı Maksim Tkaçenko göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, nümayəndə heyətinin Qarabağa səfərindən məmnunluğunu ifadə edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, bölgənin inkişafı istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Bununla belə, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirərək, bu dəstəyin iki ölkə arasında dostluq və həmrəylik münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini bildirib.

Arzu Paşaqızı