DİN-in mətbuat xidmətinin məlumatı

  • Oktyabrın 18-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.
  • Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

  • Oktyabrın 19-da saat 1 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakini Ü.Bağırov idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə yolu keçən qəsəbə sakini Ceyhun İsmayılovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
  • Oktyabrın 18-də saat 22 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Goranboy rayon sakini R.Vəliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub. Nəticədə sərnişinlərindən oğlu İmamqulu hadisə yerində ölüb, gəlini isə xəstəxanaya yerləşdirilib.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
  • Oktyabrın 18-də saat 20 radələrində Hacıqabul rayonunun Abdulabad kəndi ərazisində rayon sakini Əlizamin Ağayev idarə etdiyi “VAZ-21060” markalı avtomobili kanala aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu isə xəstəxanaya yerləşdirilib.
    Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.
  • Oktyabrın 18-də saat 14 radələrində Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində rayon sakinləri Murad Salayev idarə etdiyi “VAZ-21074” və H.Salazadə idarə etdiyi “VAZ-2106” markalı avtomobilləri aşırıblar. Nəticədə M.Salayev hadisə yerində ölüb, digər sürücü və 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.
    Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
  • Oktyabrın 18-də saat 12 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qəsəbə sakini R.Hüseynov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən həmyerliləri Məlahət Əfsəlovanı və azyaşlı nəvəsi Gülağanı vurub. Nəticədə uşaq hadisə yerində ölüb, M.Əfsəlova isə xəstəxanaya yerləşdirilib.
    Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
  • Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində Abşeron rayon sakini A.Əliyevanın çantasından 2000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Vidadi Nəzərov saxlanılıb.
    Araşdırmalarla onun Yasamal rayonu ərazisində Biləsuvar rayon sakini B.Əliyevin cibindən içərisində 780 manat və şəxsiyyət vəsiqəsi olan cüzdanını, Bakı şəhər sakini A.Səfərovanın isə içərisində pulu, bank kartları və sənədi olan cüzdanını oğurlaması, sonradan həmin qadının bank hesabından 114 manat pulunu çıxarması da müəyyən olunub. Araşdırma davam etdirilir.

  • Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə oktyabrın 17-də saat 5 radələrində Qaraçuxur qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gələn maskalı şəxsin orada operator işləyən Bakı şəhər sakini O.Əsədzadəni bıçaqla hədələyib 250 manatını alması barədə müraciət daxil olub.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir