Beynəlxalq konfransda

Mayın 14-də Türkmənistan Parlamentinin təşkilatçılığı ilə “Konstitusiya dövlətin inkişafının və sosial rifahın hüquqi təminatı kimi” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli konfransda iştirak edib.
Tədbirdə çıxış edən komitə sədri Türkmənistanı Konstitusiya Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Parlamentinin sədri Sahibə Qafarovanın adından təbrik edib. Daha sonra Azərbaycan Respublikasının Konstitusiyası barədə məlumat verən Əli Hüseynli bildirib ki, 1995-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan bu tarixi sənəd müasir dövlətçiliyimizin təməl daşına çevrilib və dövlətimizin siyasi, iqtisadi və sosial inkişafı üçün hüquqi baza yaradıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda Konstitusiya demokratiyanın əsasını təşkil edir, siyasi və hüquqi sabitliyi təmin edir, insan hüquq və əsas azadlıqlarının qorunmasına zəmanət verir. Bununla belə, bu sənəd xalqın iradəsini əks etdirir və dövlət idarəçiliyinin, hüququn aliliyinin əsas prinsiplərini müəyyən edir.

Arzu Paşaqızı