Dövlət qulluqçuları üçün təkrar sertifikat tələbi ləğv edilir

Dövlət qulluqçuları üçün təkrar sertifikat tələbi ləğv edilir.

“turaninsesi.az” xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bugünkü plenar iclasında məlumat verib.

O, dövlət qulluğu sertifikatının etibarlılıq müddətinin 5 ildən 2 ilə endirilməsi məsələsinin müzakirə olunduğunu bildirib:

“Əvvəlki tənzimləməyə görə, 5 il sonra dövlət qulluqçusu təkrarən imtahan verməli idi, lakin indi bu şərt ləğv olunur. Layihəyə uyğun olaraq, işə qəbul prosesində sertifikat tələbi mövcuddur, lakin dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün isə sertifikata gərək qalmayacaq. Dövlət qulluqçularının iş fəaliyyəti yeni prosedura əsasən qiymətləndirmə vasitəsilə nəzərə alınacaq”.

Əli Hüseynli həmçinin dövlət qulluqçularının elmi-pedaqoji fəaliyyətinə icazə verilməsi ilə bağlı təklifin nəzərə alınmadığını və müzakirələrdən sonra dəyişikliyin qüvvədə saxlanılmasının qərara alındığını vurğulayıb.

Arzu Paşaqızı