Milli Məclisin sədri Sahibə Qafarova İkinci Asiya Qadınlar Forumunda çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasının Buxara şəhərində keçirilən İkinci Asiya Qadınlar Forumunda iştirak edib.
Forumun açılış mərasimində çıxış edən spiker Sahibə Qafarova Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Asiya Qadınlar Forumunun regional dialoq və əməkdaşlıq üçün daimi platforma kimi təsis edilməsi təşəbbüsünü yüksək qiymətləndirərək, Forumun mövzusunun çox mühüm bir prinsipi əks etdirdiyini söyləyib. Onun sözlərinə görə, qadınlara investisiya qoyuluşu davamlı inkişafa, sosial həmrəyliyə və uzunmüddətli sabitliyə investisiya deməkdir. Spiker deyib ki, qadınların səlahiyyətləndirilməsi artıq yalnız sosial məsələ deyil. Bu, davamlı inkişaf, iqtisadi dayanıqlılıq və sosial sabitlik üçün strateji prioritetə çevrilib.
Milli Məclisin sədri qadınların siyasi, iqtisadi və ictimai həyatda daha geniş iştirakının daha güclü institutların, daha inklüziv inkişafın və daha möhkəm cəmiyyətlərin formalaşmasına gətirib çıxardığını bildirib.



Arzu Paşaqızı