Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə görüşüb
Aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib. Qonaqları Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.
Latviya Prezidenti əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar. Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Qonağın bu vəzifədə Azərbaycana ilk səfəri olduğunu vurğulayan spiker ümidvar olduğunu bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlər və aparılacaq müzakirələr ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açacaq və onların inkişafına güclü təkan verəcək.
İkitərəfli əlaqələrin inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin və müntəzəm siyasi dialoqun vacibliyini qeyd edən spiker bu baxımdan ölkə başçılarının qarşılıqlı səfərlərinin və müxtəlif tədbirlərdə mütəmadi görüşlərinin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını vurğulayıb.








Arzu Paşaqızı