İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Aprelin 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Azər Əmiraslanov bildirib ki, gündəliyə 4 məsələ daxil edilib, ilk iki məsələ isə bir-biri ilə bağlıdır.


Gündəliyin birinci məsələsi olan “Maliyyə icarəsi haqqında” qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edərkən Azər Əmiraslanov sənədin aktuallığını vurğulayıb, onun iqtisadi inkişaf və sahibkarlar üçün maliyyələşmə mexanizmlərinin genişləndirilməsi baxımından əhəmiyyətindən danışıb. Komitə sədri diqqətə çatdırıb ki, gündəliyin ikinci məsələsi olan Mülki Məcəllədə, Vergi Məcəlləsində, Rəqabət Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “Taxıl haqqında” , “Beynəlxalq xüsusi hüquq haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Çayçılıq haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Pambıqçılıq haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Elm haqqında”, “Kredit büroları haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsindən irəli gələrək hazırlanıb.

Arzu Paşaqızı