Milli Məclisin iclasında
Aprelin 21-də spiker Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasının növbəti plenar iclası keçirilib.
İclası açan spiker diqqətə çatdırıb ki, bildiyiniz kimi, Milli Məclisin sədrinin başçılığı ilə nümayəndə heyəti aprelin 14-dən 17-dək Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub. Səfərdə məqsəd Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək idi.
Spiker qeyd edib ki, Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında 126 ölkədən 1500 nəfərdən çox nümayəndə, o cümlədən 720 nəfər parlament üzvü iştirak edirdi. Onlardan 80 nəfəri parlament sədri, 52 nəfəri isə sədr müavini idi.
Assambleyanın iclası “Gənc nəsil üçün ümidlərin artırılması, sülhün qorunması və ədalətin təmin edilməsi” mövzusuna həsr olunmuşdu. Tədbirdə parlamentlərin bu istiqamətdə fəaliyyətinin gücləndirilməsinə yönələn təşəbbüslər və əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirildi.
Sahibə Qafarova bildirib ki, o, Assambleyanın iclasında çıxış edərək bəşəriyyəti narahat edən bir sıra qlobal problemlərə diqqət çəkib. Bildirib ki, bu problemlərin həllində parlament üzvləri birgə və məsuliyyətlə hərəkət etməlidirlər. Onlar sülhü təşviq etməli, ədaləti qorumalı və gələcək nəsillərin maraqlarının qərarlarda əks olunmasını təmin etməlidirlər.
O, Assambleyadakı çıxışında, həmçinin ölkəmizdə gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər barəsində iclas iştirakçılarına geniş məlumat verdiyini diqqətə çatdırıb.



Arzu Paşaqızı