Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib.

Azərbaycan parlamentinin spikeri çıxışında bu gün dünyada artan qeyri-müəyyənlik dövründə münaqişələrin davam etdiyini, gərginliyin artdığını, böhranların dərinləşdiyini və bərabərsizliklərin genişlənməkdə davam etdiyini bildirib. Onun sözlərinə görə, bu meyillər sülhün və ədalətin təməllərini sarsıtmaq riski yaradır. O cümlədən, Sahibə Qafarova iqlim dəyişikliyinin artıq real olduğunu və təcili tədbirlər tələb etdiyini vurğulayıb. Bu şəraitdə Assambleyanın mövzusunun həm vaxtında, həm də son dərəcə aktual olduğunu söyləyən Milli Məclisin sədri deyib ki, bu, kollektiv və məsuliyyətli şəkildə hərəkət etməyə çağırır.
Mövcud çatışmazlıqlar fonunda çoxtərəfliliyin vacib rolunu diqqətə çatdıran spiker Sahibə Qafarova bu məqamda beynəlxalq hüquqa hörmətin, onunla bağlı daha güclü öhdəliklərin götürülməsinin tələb olunduğunu bildirib. Onun sözlərinə görə, parlament üzvləri sülhü təşviq etməli, ədaləti qorumalı və gələcək nəsillərin maraqlarının qərarlarda əks olunmasını təmin etməlidir. Milli Məclisin sədri bu kontekstdə Parlamentlərarası İttifaqın rolunu xüsusilə vurğulayıb. Bildirilib ki, Parlamentlərarası İttifaq qlobal idarəetmədə səslərimizin daha güclü eşidilməsində böyük rol oynayır. Ortaq ideallara sarsılmaz sədaqət nümayiş etdirən Parlamentlərarası İttifaq, parlamentləri irəli aparan məqsəd və arzuların həyata keçirilməsi üçün parlamentariləri bir araya gətirir.

Arzu Paşaqızı