Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb
Aprelin 16-da Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Spiker Sahibə Qafarova PAİ və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi (QHPŞ) kimi beynəlxalq platformaların əhəmiyyətini vurğulayıb.
Milli Məclisin sədri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb, parlamentlərarası əlaqələrin rolundan danışıb. O, bildirib ki, bu gün qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub və parlamentarilərimiz həm ikitərəfli tədbirlərdə fəal iştirak edirlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində müsbət qarşılıqlı fəaliyyət göstərirlər. Eyni zamanda, MDB PA çərçivəsində fəaliyyət də mühüm istiqamətdir. Burada bir çox mühüm məsələlərlə bağlı birgə əməkdaşlıq həyata keçirilir. Azərbaycan Parlamentinin sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyası da parlamentlərarası əlaqələrimizdə mühüm rol oynayır.

Arzu Paşaqızı