TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib

Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib. Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.


Azərbaycan parlamentinin sədri qeyd edib ki, Milli Məclis həmişə olduğu kimi, bundan sonra da TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək. O vurğulayıb ki, ortaq tarix, dil və mədəni-mənəvi dəyərlər xalqlarımızı və ölkələrimizi sıx birləşdirir. Onun sözlərinə görə, qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla və dinamik şəkildə inkişaf edir. Milli Məclisin sədri deyib ki, qardaş ölkələrimizi əhatə edən coğrafiyada cərəyan edən geosiyasi gərginliklərə və təhdidlərə baxmayaraq, qarşılıqlı dəstək və etibarlı tərəfdaşlıq üzərində qurulmuş münasibətlərimiz, ölkələrimizin birliyi və həmrəyliyi daha da güclənməkdədir. Bu birlik və həmrəylik inkişaf və əməkdaşlığı təmin edir, regional və qlobal səviyyədə sülhə və sabitliyə mühüm töhfə verir.

Arzu Paşaqızı