Azərbaycanda istehsal olunmuş yod apteklərdə satışa çıxarılacaq – FOTO
Özümüzün yod zavodumuz olsa da, apteklərimizi yodla Rusiya və Ukrayna zavodları təmin edir. Ukraynadakı müharibə səbəbilə yodun ölkəyə gətirilməsində problemlər yaşanır. Nəticədə apteklərdə yod qıtlığı müşahidə edilir, qiymətlər də xeyli bahalaşıb.
“Azərbaycanda yod defisitə çevrilib. Apteklərdə satışda Rusiyanın Yaroslavl əczaçılıq fabrikinin 5 faizli 10 ml olan məhsulu satılır. Onun da qiyməti noyabrın 1-dən 40 qəpikdən 1 manat 20 qəpiyə qaldırılıb. Yəni 300 faiz artım var. Yaxşı, bizim Neftçalada fəaliyyət göstərən “Azər-Yod” MMC-nin ildə istehsal etdiyi 400 ton məhsul hara gedir? Neftçaladakı bu zavod istehsal gücünə görə MDB ölkələri arasında 1-ci, dünyada isə 3 yerdədir. Yəni daxili tələbatı ödədikdən sonra ən azı 60 faiz ehtiyat qalır”.
“Turanın səsi ” xəbər verir ki , bir neçə həftə öncə sosial şəbəkələrdə belə bir status yazılmışdı. Sosial şəbəkə istifadəçiləri də yod zavodumuzun – Neftçalada yerləşən “Azər-Yod” MMC-nin mövcud olduğunu, məhsul istehsal etdiyini və bir zamanlar aptekləri yodla təmin etdiyini bildirmişdilər.
Davam edən problem
Qeyd edək ki, apteklərdə olan yod çatışmazlığı bir neçə aydır mövcuddur. Göstərilən səbəb isə Rusiya-Ukrayna müharibəsinə görə daşınmadakı çətinliklərdir. 9 sentyabrda Analitik Ekspertiza Mərkəzinin Dərman və Tibb Vasitələrinin İdxal-İxrac şöbəsindən bildirilmişdi ki, son dəfə ölkəyə yod gətirilməsi üçün müraciət bu ilin aprel ayında edilib. O vaxtdan yod idxalı ilə bağlı yeni müraciət olmayıb. Hazırda yeni idxal müraciəti qəbul edilib və bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda apteklərdə yod çatışmazlığı aradan qaldırılacaq.
Məsələnin həll olunub-olunmadığını öyrənmək üçün şəhərdəki apteklərdə reyd keçirdik. Müşahidələrimizə əsasən, aptekləri 3 qrupa bölmək olar. Birinci qrupa daxil olan apteklərdən bildirildi ki, hazırda satışda yod yoxdur. Az gəlir və tez də bitir. İkinci cərgəyə aid olanlarda yod var idi. Lakin özlərində də az olduğundan bir alıcıya 2-3 ədəddən artıq verə bilmirlər. Üçüncü qrupdakılar isə yodun kifayət qədər olduğunu və alıcı nə qədər istəyirsə, satdıqlarını bildirdilər. Amma bu üç qrupu birləşdirən məqam hamısının dilə gətirdiyi “depoya da məhsul az gətirilir” cümləsi oldu.
Yalnız Rusiya və Ukraynadan gəlir
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etsək də, oradan aptekləri dərmanla təmin etmədiklərini bildirdilər. Qeyd etdilər ki, bu məsələ ilə özəl şirkətlər məşğul olur.
Aptekləri dərmanla təmin edən şirkətlərdən Avromed Company QSC ilə əlaqə saxladıq. Şirkətdən verilən məlumata görə, yodla bağlı depoda da əskiklik var. Səbəb isə Rusiya-Ukrayna müharibəsinə görə yollardakı problemlərdən yodun Bakıya çətin gəlməsidir. “Aptekləri yerli yodla niyə təmin etmirsiniz?” sualının cavabında isə bildirildi ki, onlar yodu xaricdən gətirirlər.
Digər dərman təminatçısı şirkət AzəriMed QSC-dən də bildirildi ki, yodu Yaroslavl Əczaçılıq zavodundan gətirirlər.
Tibb müəssisələri, apteklər, dərmanlar haqqında ümumi məlumat bazası olan pharma.az saytında da yodu axtarışa verdikdə, apteklərdə Rusiya Federasiyasının Yaroslavl Əczaçılıq Zavodu QSC və Ukraynanın “Fitofarm” zavodunun məhsulu olduğunu görmək mümkündür.
2023-cü ildə apteklərdə yerli yod görəcəyik
Bəs əgər ölkəmizdə yalnız Rusiya və Ukraynaya məxsus yod varsa, o zaman Neftçalada yerləşən “Azər-Yod” MMC nə işlə məşğuldur?
Sualımıza cavab tapmaq üçün “Azər-Yod” MMC-ə sorğu göndərdik. Cavab olaraq bildirildi ki, hazırda “Azər-Yod” MMC-də xammal – xırda kristal yod istehsal edilir. Dərman preparatı olan 5 %-li yodun istehsalı 2023-cü ilin birinci rübündə nəzərdə tutulur. Xaricdən avadanlıq sifariş verilib və sənədləşmə işləri gedir. Hazırlıq prosesi başa çatandan sonra “Azər-Yod” MMC-nin Azərbaycanı yodla təmin etməsi mümkün olacalq.
Zavodumuz var, amma xammalımız yoxdur
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli dedi ki, yodun istehsal olunması ilə bağlı problem xammalın çatışmamasıdır: “Azərbaycanda strateji əhəmiyyətli sektorlardan biri əczaçılıq sənayesidir ki, onu dövlət bilavasitə stimullaşdırmalı idi. Təəssüflər olsun ki, Azərbaycanda əczaçılıq sənayesi inkişaf etmədi. Yod çatışmazlığı da həmin zəncirin davamıdır. Düzdür, Neftçalada yod istehsal edən zavodumuz – “Azər-Yod” MMC var. Amma təəssüflər olsun ki, hələ də yod istehsal edib, qablaşdırıb, aptek sənayesinə çatdıra bilməmişik. Əgər bu gün əvvəlki istehsal yoxdursa, demək ki, xammal ehtiyatlarımız yetərincə deyil. Biri var yodu hazır gətirmək, biri də var kristalları alıb, istehsalını təmin etmək. Ölkəyə yod kristallarının – xammalın idxalı ilə bağlı da problem var. Bu da birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlı ola bilər”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09