“Soyqırımı və deportasiya qurbanlarına dəstək” adlı layihəsi davam edir

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi “Soyqırım və deportasiya qurbanlarına dəstək” adlı layihənin icrasını uğurla davam etdirir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir. Layihənin icrasında Türkiyə Respublikası Bolqarıstan Türkləri Mədəniyyət və Xidmət Dərnəyi (BULTÜRK) və Özbəkistan Respublikasının “Yüksək səlahiyyət” təşkilatı tərəfdaş qismində iştirak edir.

turaninsesi.az ” xəbər verir ki, layihə fəaliyyəti çərçivəsində Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Bayrampaşa bələdiyyəsində, Mehmet Akif Ersoy Kültür və Sənət Mərkəzində “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq platforma” adlı Beynəlxalq Konfrans keçirilib. Konfransda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin və türkdilli xalqların dövlət və qeyri-dövlət qurumlarının təmsilçiləri, Vətəndaş Cəmiyyəti İnstitutlarının, Diaspor nümayəndələri və mətbuat nümayəndələri iştirak etmişdirlər. Konfrans Türkiyə və Azərbaycanın himnləri ilə açılmış və sonra İstanbul Bayrampaşa Bələdiyyəsinin Başqan vəkili İbrahim Akın, Bayrampaşa Kaymakamı Abdullah Çiftçi, MHP Bayrampaşa İl Başqan yardımçısı Derin Bozoklu Abay protokol çıxışı edib. Məruzəçilər Azərbaycan və Türkiyə Cümhuriyyətinin dünyaya örnək olacaq qardaşlıq nümunəsi kimi qəbul etdiklərini söylədilər.

Sonra BULTÜRK Dərnəyinin başqanı Rafet Ulutürk qonaqları salamlamış və layihə barədə iştirakçılara geniş məlumat verilmişdir. Rafet Ulutürk belə bir əhəmiyyətli konfransın İstanbulda baş tutmasını tarixi bir hadisə olaraq dəyərləndirmiş, əməkdaşlığa və təşkilati dəstəyə görə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və bütünlükdə Azərbaycan dövlətinə səmimi minnətdarlığını bildirib. Layihənin əhəmiyyəti barədə çıxış edən məruzəçi bu birliyin və əməkdaşlığın uzun və strateji hədəfli olmasını səsləndirib. Daha sonra Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli geniş təqdimatla çıxış edib. O bildirib ki, ”Azərbaycan Türk Dövlətləri Təşkilatında önəmli rola malikdir. Türk dövlətlərinin birliyinin genişlənməsi istiqamətində fəal işlər görür. Ölkənin aparıcı QHT-lərinin bu istiqamətdə ideya və fəaliyyətlərini dəstəkləyir. Bu gün ərsəyə gəlmiş bu layihə də məhz Azərbaycan dövlətinin dəstəklədiyi ən uğurlu layihələrdən biri kimi qeyd olunmalıdır. Dünyada və regionda türkdilli xalqlara qarşı rus və erməni birləşmələri tərəfindən həyata keçirilən soyqırım və deportasiya siyasətinin beynəlxalq aləmə çatdırılmasının zamanıdır. Özəlliklə Azərbaycan və Çərkəz xalqlarına, o cümlədən digər türkdilli xalqlara qarşı aparılmış amansız soyqırımlarla bağlı geniş işlər aparılmalı və fəaliyyətlər dəstəklənməlidir”. İlqar Hüseynli daha sonra bu istiqamətdə TDT üzv dövlətlərin QHT-lərinin əməkdaşlığının önəmini qeyd edərək bildirmişdir ki, artıq TDT üzv dövlətlərin QHT Forumu Azərbaycanda təsis edilmiş və Bakıda iki Forum keçirilib. Eyni zamanda Azərbaycan-Türkiyə QHT-lərinin əməkdaşlıq Forumu da keçirilib. 

Daha sonra təşkilatın beynəlxalq məsələlər üzrə müavini Fərhad Qəşəmli ermənilər tərəfindən Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların başına gələn soyqırım hərəkətləri barədə geniş təqdimat edib. Qəşəmli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında Qərbi Azərbaycan İcması yaradılmış və onun təklifləri əsasında beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə “Qərbi Azərbaycana qayıdış konsepsiyası” sənədi hazırlanıb. Təqdimat zamanı həm də “Qərbi Azərbaycana qayıdış konsepsiyası” sənədi və onun beynəlxalq hüquq prinsipləri barədə konfrans iştirakçılarına geniş məlumatlar təqdim edilib. Təklif olunub ki, Azərbaycan tərəfinin hazırladığı sənəd soyqırıma məruz qalan digər türkdilli xalqlar üçün nümunəvi sənəd kimi istifadə edilsin.

Konfransda Prof. Dr. Emir Fatih Akbulat “Çərkəz sürgünü və Soyqırımı” mövzusunda geniş təqdimat edib. O, əsrlər boyu Rus imperiyasının Çərkəz xalqına qarşı törətdiyi vandalizm və soyqırım hadisələri barədə tarixi faktları dilə gətirib, Azərbaycan QHT-ləri tərəfindən bu faciələrin gündəmə gətirilməsinə görə ölkəmizə minnətdarlığını ifadə edib. O, bu tədqiqatların davamlı olmasını səsləndirib. Konfransın ikinci hissəsində araşdırmaçı alim Cahit Dak Türküstan soyqırımı, BULTÜRK Genel Katibi Aysu Akbaş Bolqarıstan türklərinin köç və soyqırım hadisələri, professor Saffet Erdem isə Balkanlarda soyqırım məsələləri barədə təqdimatla çıxış edib.

Konfransda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin və türkdilli xalqların vahid soyqırım gününün təsis edilməsi istiqamətində fikirlər səslənmiş və hamı tərəfindən razılıqla qarşılanıb. Konfrans sertifikatların təqdimatı ilə sona çatıb.

Layihə üzrə növbəti fəaliyyət soyqırıma məruz qalmış xalqların rəsmi sərgisi ilə davam etmişdir. Sərgidə Azərbaycana aid olan bölümdə Xocalı soyqırımını və Qərbi Azərbaycandan deportasiya və soyqırımları əks etdirən fotoşəkillər yerləşdirilmişdir. Sərgidə iştirak edənlər azərbaycanlılara qarşı baş verən tarixi ədalətsizlikləri ürək ağrısı ilə izləyib.

Arzu Paşaqızı