13 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edildi

Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində oktyabrın 6-da Suriya Ərəb Respublikasından 13 nəfər Azərbaycan vətəndaşının (6 nəfər qadın, 7 nəfər uşaq olmaqla) ölkəmizə repatriasiyası həyata keçirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. pizza mizza

“Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupunun üzvləri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi təmin olunub.

Daha sonra, Azərbaycanın Suriya və Türkiyədəki səfirlikləri, o cümlədən İstanbul şəhərindəki baş konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri, habelə təyyarə biletləri ilə təmin edilib və ölkəyə gətiriliblər.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək”, – məlumatda vurğulanıb.

Arzu Paşaqızı