Milli Məclisin sədri Sahibə Qafarova Yəmən Respublikası Nümayəndələr Palatasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Yəmən Respublikası Nümayəndələr Palatasının sədri Sultan Səid Əlbarkani ilə görüşüb.
Milli Məclisin sədri Yəmənin Bakıda keçirilmiş COP29 tədbirində yüksək səviyyədə təmsil olunmasından və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirakından məmnunluğunu bildirib.
Görüşdə ölkələrimizin müxtəlif platformalarda bir-birinə qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirdiyi qeyd edilib. Spiker Sahibə Qafarova Azərbaycanın Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə rəhbərliyi dövründə görülmüş işlər barədə məlumat verib. Tərəflər, parlamentlərimizin beynəlxalq parlament təşkilatlarında, o cümlədən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlıq etməsindən məmnunluqlarını ifadə ediblər.
Arzu Paşaqızı