Sahibə Qafarova Parlamentlərarası İttifaqın “Parlamentarilərin Rəqəmsal İdarəetmə üzrə Dialoqu” mövzusunda yüksək səviyyəli dialoqunda çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın “Parlamentarilərin Rəqəmsal İdarəetmə üzrə Dialoqu” mövzusunda yüksək səviyyəli dialoqunda iştirak edib.
Tədbirə onlayn formatda qatılan spiker Sahibə Qafarova çıxışında deyib ki, rəqəmsal idarəetmə mövzusu getdikcə beynəlxalq ictimaiyyət üçün daha böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, rəqəmsal transformasiya artıq sadəcə texnoloji proses deyil. O müasir idarəetmənin, dayanıqlı inkişafın və səmərəli dövlət xidmətlərinin göstərilməsinin əsas elementinə çevrilib.
Milli Məclisin sədri qeyd edib ki, rəqəmsal idarəetmə müasir parlament institutlarının əsas sütunlarından birinə çevrilib. Rəqəmsal texnologiyalardan istifadə etməklə parlamentlər şəffaflığı artıra, qanunvericilik fəaliyyətinin səmərəliliyini yüksəldə, ictimai iştirakçılığı gücləndirə və bütün maraqlı tərəflər arasında inklüziv dialoqu təşviq edə bilərlər. O deyib ki, rəqəmsal transformasiya, eyni zamanda, parlamentlərarası əməkdaşlığın inkişafı, bilik və qabaqcıl təcrübə mübadiləsinin sərhədlərdən kənarda genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Arzu Paşaqızı