Sahibə Qafarova Nyu-Yorkda İƏT-ə üzv dövlətlərin daimi nümayəndələri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-yə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin daimi nümayəndələri ilə görüşüb.


Görüşdə çıxış edən spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan İƏT-in fəal üzvüdür və Milli Məclis hazırda İƏT-ə üzv dövlətlərin Parlament İttifaqına sədrlik edir.
İƏT-in Afrika, Asiya, Yaxın Şərq, Avropa və Amerika üzrə 57 dövlətini bir araya gətirdiyi qeyd olunaraq, İslam dünyasının nəhəng insan, mədəni və iqtisadi potensiala malik olduğu bildirilib. Bu coğrafiyanın gənc əhaliyə, tarixi təhsil mərkəzlərinə, böyük ticarət yollarına, mühüm resurslara, dərin icma və həmrəylik ənənələrinə malik olduğu vurğulanıb. Bununla yanaşı, İƏT-ə üzv ölkələrin bir çoxunun münaqişə və məcburi köçkünlük yaşadığı, yoxsulluq, ərzaq və su təhlükəsizsizliyi, iqlim dəyişikliyinin cəmiyyətlərimizə əlavə təzyiq göstərdiyi, terrorizm, ekstremizm və islamofobiyanın qorxu və etimadsızlıq yaratdığı qeyd olunub. Bu çağırışlar isə üzv ölkələr arasında əlaqələndirilmiş fəaliyyət, güclü institutlar və praktiki dəstək vasitəsilə həmrəyliyin ifadə olunmasını tələb edir.

Arzu Paşaqızı