Sahibə Qafarova Mərkəzi Asiya dövlətlərinin qadın liderləri dialoqunun onlayn konfransında iştirak edib

Aprelin 21-də Özbəkistan Respublikası Ali Məclisi Senatının təşkilatçılığı ilə “Mərkəzi Asiya Qadınları: Prioritet vəzifələr və birgə fəaliyyət” mövzusunda Mərkəzi Asiya dövlətlərinin qadın liderləri dialoqunun onlayn konfransı keçirilib.


Konfransda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bu konfransın Mərkəzi Asiyada qadınların rolunun gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsinə xidmət etdiyini bildirib. Onun sözlərinə görə, Mərkəzi Asiya dövlətlərinin qadın liderləri dialoqu platforması nisbətən qısa müddət ərzində regional qarşılıqlı fəaliyyətin tələb olunan və effektiv formatı kimi özünü təsdiq edib. Bu dialoq etimadın möhkəmlənməsinə, dövlətlərarası və parlamentlərarası əlaqələrin inkişafına, habelə qadınların ictimai-siyasi və sosial-iqtisadi həyatda rolunun genişləndirilməsi ilə bağlı aktual məsələlərin həllində əlaqələndirilmiş yanaşmaların formalaşmasına töhfə verir. Qeyd olunub ki, bugünkü görüş bu mühüm təşəbbüsün davamlılığını təmin etməklə yanaşı, həm də parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşıda duran vəzifələrin həlli üçün birgə yanaşmaların hazırlanmasına sadiqliyi təsdiq edir.

Arzu Paşaqızı