Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 28-də ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhmədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Qonağı İƏT-in Baş katibi vəzifəsinə seçilməyi münasibətilə təbrik edən spiker Sahibə Qafarova ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanın qonağın yeni vəzifəsində ilk səfər etdiyi ölkələrdən biri olması ölkəmizlə İƏT arasında möhkəm əlaqələrdən xəbər verir. Milli Məclisin sədri bu səfərin qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.


Spiker qonağın Prezident İlham Əliyevlə görüşündə aparılmış müzakirələrin, həmçinin qonağın Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda və İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasında iştirakının əhəmiyyətini vurğulayıb.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas ideyasının dialoqu, qarşılıqlı inamı, anlaşmanı təşviq etmək, müxtəlif mədəniyyətlər və dinlər arasında körpülər qurmaq, digərlərinin dəyərlərinə hörmət etmək olduğunu deyən spiker Sahibə Qafarova Prezident İlham Əliyevin təşəbbüsü ilə yarandığı gündən bu forumun mədəniyyətlərarası və dinlərarası dialoqun əsas qlobal platformalarından birinə çevrildiyini diqqətə çatdırıb.

Arzu Paşaqızı