Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində görüş
Aprelin 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının ilk iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Qadın və kişi bərabərliyi komissiyasının sədri Çiğdem Erdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Çiğdem Erdoğanı Azərbaycan parlamentində görməkdən məmnunluğunu ifadə edib. O, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Qadınlar Şurasının toplantısında müzakirə olunan məsələlərin əhəmiyyətindən, onların həlli istiqamətində ikitərəfli və təşkilat çərçivəsində, eyni zamanda, türk dövlətləri arasında əməkdaşlığın önəmindən danışıb. Tədbirin gender bərabərliyinin təmin edilməsi, qadınların ictimai-siyasi həyatda fəal iştirakı, habelə sahibkar qadınların dəstəklənməsi və hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Arzu Paşaqızı