Nazir 2027-ci ilin büdcəsinin əsas məqsədini açıqladı
Milli Məclisin bugünkü plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən maliyyə naziri Sahil Babayev qarşıda duran əsas vəzifənin əldə olunmuş nailiyyətləri qorumaqla yanaşı, ölkənin inkişafını keyfiyyətcə yeni mərhələyə daşımaq, iqtisadi artımın dayanıqlığını təmin etmək və artan maliyyə imkanlarından maksimum səmərəli istifadə etmək olduğunu bildirib.
“turaninsesi.az ” xəbər verir ki, nazir vurğulayıb ki, qeyri-neft-qaz sektorunun inkişafı, özəl sektorun iqtisadiyyatda rolunun artması, əhalinin rifahının yüksəldilməsi, müdafiə və təhlükəsizlik potensialının möhkəmləndirilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsi dövlət siyasətinin başlıca istiqamətləri olaraq qalır.
Qlobal miqyasda müşahidə olunan qeyri-müəyyənliklərin və xarici bazarlardakı dəyişkənliklərin fiskal siyasətdə ehtiyatlı yanaşmanı, sərt büdcə intizamını və dövlət maliyyəsinin dayanıqlılığını xüsusi aktuallıqla gündəmə gətirdiyini diqqətə çatdıran S.Babayev 2027-ci ilin dövlət büdcəsinin məhz bu prioritetlər və mövcud iqtisadi reallıqlar nəzərə alınmaqla hazırlandığını əlavə edib.
Nazir büdcə siyasətində əsas yanaşmanın iqtisadi inkişafın maliyyə təminatını yaratmaqla yanaşı, dövlətin sosial və strateji öhdəliklərini tam yerinə yetirmək, büdcə resurslarından istifadənin səmərəliliyini artırmaq və uzunmüddətli fiskal dayanıqlılığı qorumaqdan ibarət olduğunu qeyd edib.
Arzu Paşaqızı