Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıb
Noyabrın 16-da spiker Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasının növbəti iclası keçirilib.
“turaninsesi.az” xəbər verir ki, İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.İclası açan spiker bildirib ki, gündəliyə 11 məsələ daxildir. Bunlardan 8-i 2027-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlərdir. Bu sənədlər birinci oxunuşda müzakirə ediləcəklər.Gündəliyin birinci məsələsi olan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmiz mühüm qlobal və regional proseslərin mərkəzində qalmaqda davam edir. Bu il Azərbaycan dünyanın aparıcı dövlətləri ilə münasibətlərin inkişafı yolunda önəmli addımlar atıb. Amerika Birləşmiş Ştatları ilə Strateji tərəfdaşlıq haqqında Xartiya, Almaniya ilə İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə, habelə Birləşmiş Krallıq ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldib, uzunmüddətli əməkdaşlıq üçün əlavə imkanlar açıb. Bildirilib ki, may ayında Bakı şəhəri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını, oktyabr ayında isə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə görüşünü qəbul edib. Bu tədbirlərdə Azərbaycan şəhərlərin bərpası ilə bağlı təcrübəsini təqdim edib, eləcə də regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsinə töhfə verib. Oktyabr ayında Bakıda keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qarşılıqlı anlaşmanı möhkəmləndirmək və ümumi çağırışlara cavab tapmaq üçün müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrini bir araya gətirən ölkə kimi Azərbaycanın rolunu yenidən təsdiq edib. Spiker bildirib ki, noyabrın 8-də – Vətən müharibəsində tarixi Zəfərimizin 6-cı ildönümünü qeyd etdiyimiz gün Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın görüşü keçirildi. Həmin görüş Azərbaycanla Türkiyənin müttəfiqliyinin möhkəm təməllər üzərində qurulduğunu bir daha nümayiş etdirdi.
Arzu Paşaqızı