Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərivəsində mayın 22-də MDB Parlamentlərarası Assambleyasının (MDB PA) 60-cı plenar iclasında iştirak edib.
İclasda çıxış edən Milli Məclisin sədri Assambleyanın qanunverici orqanlarımız arasında dialoq və əməkdaşlığın inkişafında mühüm rolunu, qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərin müzakirəsi üçün platforma kimi çıxış etdiyini vurğulayıb. Spiker Sahibə Qafarova bu baxımdan, Assambleya tərəfindən həm müntəzəm qaydada tədbirlərin, iclasların və seminarların keçirilməsinin, həm də onun yeni uğurlu ideya və təşəbbüslərinin reallaşdırılmasının əhəmiyyətini qeyd edib.
Çıxışında Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası haqqında tədbir iştirakçılarına məlumat verən Milli Məclisin sədri qeyd edib ki, 17-22 may tarixlərində Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası şəhərlərin davamlı inkişafı və urbanizasiya məsələlərinə həsr olunmuş ən nüfuzlu və qlobal beynəlxalq tədbirlərdən biridir. Bildirilib ki, Bakıda keçirilən 13-cü sessiya BMT-nin Məskunlaşma Proqramı tərəfindən indiyədək təşkil edilmiş ən genişmiqyaslı sessiyadır və 182 ölkədən rekord sayda – 45 000-dən çox iştirakçı qeydiyyatdan keçib.
Arzu Paşaqızı