Milli Məclisin iclasında
İyunun 12-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib. Milli Məclisin sədri bildirib ki, bu iclas müstəqil Azərbaycanın taleyində dönüş yaratmış bir hadisənin ildönümü ərəfəsində keçirilir.
İyunun 15-də xalqımız Milli Qurtuluş Gününü qeyd edəcək və yaxşı bilirik ki, bu gün müasir tariximizdə müstəsna yer tutur. Spiker diqqətə çatdırıb ki, 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən az sonra dövlətimiz parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir dövrdə böyük siyasi və dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıtması tarixin gedişini dəyişdirməyə imkan verdi. Ümummilli Lider xalqımızın öz dəyərlərinə sadiqliyini, dövlətçiliyini qorumaq və gələcəyini müəyyən etmək əzmini real siyasi gücə çevirdi. Spiker bildirib ki, Heydər Əliyevin dövlət rəhbərliyinə qayıtması xalqın tarixi seçimi idi. Ulu Öndər zamanın çağırışlarına cavab vermək qabiliyyəti sayəsində müstəqil dövlətimizi qoruyub saxladı və möhkəmləndirdi. Azərbaycan davamlı inkişaf yoluna çıxdı və onun geosiyasi əhəmiyyəti artdı. Ölkəmiz qlobal miqyaslı iqtisadi layihələrin mərkəzinə çevrildi. Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində fəaliyyətinin təhlili göstərir ki, müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur. Eyni zamanda, o, bugünkü Azərbaycan parlamentinin də banisidir.



Arzu Paşaqızı