Milli Məclisdə “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirə keçirilib
İyulun 9-da Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının təşkilatçılığı ilə “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirə keçirilib.
Komissiyanın sədri Ramid Namazov Milli Məclisin sədri Sahibə Qafarovanın tövsiyəsi ilə təşkil olunan tədbirdə ölkəmizin tərəqqisində, cəmiyyətin zərərli təsirlərdən qorunması və gələcək nəslin formalaşmasında vacib hesab edilən mövzuların müzakirə ediləcəyini söyləyib. Bildirilib ki, bu gün dünyada süni intellektin sürətli inkişafı, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma prosesi ölkələrin gələcək iqtisadi mövqeyini, rəqabət qabiliyyətini və milli təhlükəsizliyini müəyyən edən strateji amilə çevrilib. Azərbaycanın rəqəmsal arxitekturasının qurulmasında, ümumiyyətlə rəqəmsal transformasiyasında Prezident İlham Əliyevin strateji uzaqgörənliyi xüsusilə qeyd olunub. Bu istiqamətdə dövlət başçımızın imzası ilə qəbul edilən hüquqi aktların – “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın, “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın əhəmiyyətindən bəhs edilib.

Arzu Paşaqızı