Milli Məclisdə Mərkəzi Seçki Komissiyasınınyeni tərkibi formalaşdırıldı

Aprelin 27-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.


İclası açan Milli Məclisin sədri bildirib ki, gündəliyə 11 məsələ daxildir. O, diqqətə çatdırıb ki, gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında qərar layihəsidir.
Spiker qeyd edib ki, Mərkəzi Seçki Komissiyası üzvlərinin səlahiyyət müddəti başa çatıb və “Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin birinci hissəsinə əlavələr edilməsi haqqında” Konstitusiya Qanununa əsasən, Milli Məclis komissiyanın yeni tərkibini formalaşdırmalıdır. Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının 18 üzvünün 6 nəfərinin namizədlikləri Milli Məclisdə çoxluq təşkil edən siyasi partiya tərəfindən, 6 nəfərin namizədlikləri heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlar tərəfindən, 6 nəfərin namizədlikləri isə Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalar tərəfindən təqdim edilməlidir. Bununla birlikdə, Seçki Məcəlləsinə görə, Mərkəzi Seçki Komissiyasının 3 nəfər əvəzedici üzvünün namizədlikləri də eyni qaydada Milli Məclisə təqdim olunmalıdır.
Spiker diqqətə çatdırıb ki, artıq bütün lazımi prosedurlar icra olunub və namizədlər müəyyən edilib.

Arzu Paşaqızı