Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib

Mayın 12-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.İclası açan Milli Məclisin sədri bildirib ki, iki gün öncə xalqımız Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyini böyük qürurla, hörmət və ehtiramla qeyd etdi.

turaninsesi.az”  xəbər verir ki, mayın 10-da ölkə ictimaiyyətinin nümayəndələri, ictimai, siyasi və dövlət xadimləri ilə yanaşı, Milli Məclisin deputatları Fəxri Xiyabanı  ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini yad etdilər. Milli Məclisin bugünkü iclası da bizə Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin xidmətləri qarşısında bir daha minnətdarlığımızı  ifadə etmək imkanı yaradır.Spiker diqqətə çatdırıb ki, milli tariximizin ən böyük şəxsiyyətlərindən biri olan Heydər Əliyevin keçdiyi ömür yolu doğma torpağa və xalqa məhəbbət və sədaqət meyarına çevrilib.1969-1982-ci illərdə Azərbaycana ilk rəhbərliyi dövründə Heydər Əliyevin dahiyanə idarəçilik qabiliyyəti, strateji təfəkkürü və irəlini görmək məharəti sayəsində ölkəmiz böyük bir inkişaf yolu keçib. Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşaya bilməsinə imkan verən zəngin iqtisadi potensial yaradılıb.  Bu illər tariximizə həm də mədəni intibah dövrü kimi daxil olub.Milli Məclisin sədri bildirib ki, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan mürəkkəb problemlər qarşısında qalmışdı.Dövlət idarəçiliyində yol verilən kobud səhvlər, həyatın bütün sahələrini bürüyən dərin böhran, Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğal edilməsi, milli həmrəyliyin pozulması, separatizm meyillərinin güclənməsi, vətəndaş müharibəsi təhlükəsinin yaranması müstəqil dövlətin varlığını  ciddi təhlükə altına almışdı.Məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması, Ali Sovetin sədri və 4 ay sonra xalqın yekdil iradəsi ilə Prezident seçilməsi destruktiv proseslərin və hadisələrin qarşısını almağa, ölkədə vəziyyəti sabitləşdirməyə imkan verdi.Tariximizin ən mürəkkəb və taleyüklü dövründə məhz Ulu Öndərin siyasi müdrikliyi, qətiyyəti və fədakarlığı sayəsində dövlət müstəqilliyimizi qoruyub saxlamaq mümkün oldu.Spiker qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi ilə müasir milli dövlətçilik konsepsiyası formalaşdırılıb və həyata keçirilib. Müstəqil dövlətimizin Konstitusiyası hazırlanaraq qəbul olunub, xalqımızın maraqlarına cavab verən daxili və xarici siyasətin strateji istiqamətləri müəyyən edilib. Ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf modeli yaradılıb, Azərbaycan beynəlxalq birliyin nüfuzlu üzvünə çevrilib.Milli Məclisin sədri vurğulayıb ki, Ümummilli Liderin başladığı möhtəşəm işlər Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Son iyirmi üç il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük və qürurverici uğurlar əldə edilib.Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bu isə xalqımızın və dövlətimizin müqəddəratı ilə bağlı olan ən mühüm problemi həll etməyə imkan verib.Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və  Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələri təmin edib. Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub, dövlətimizin ərazi bütövlüyü və suverenliyi, tarixi ədalət bərpa olunub. Ümummilli Lider Heydər Əliyev tərəfindən başladılmış tarixi missiya şərəflə başa çatdırılıb.Spiker diqqətə çatdırıb ki, ötən ilin avqustunda əldə edilmiş Vaşinqton razılaşmaları möhtərəm cənab Prezidentin sülh diplomatiyasının təntənəsinə çevrildi, onun irəli sürdüyü sülh gündəliyinin həyata keçirilməsi yolunda həlledici addım oldu.Bu hadisə bizim ölkəmiz və bütün Cənubi Qafqaz regionu qarşısında sülh, sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açdı.Milli Məclisin sədri diqqətə çatdırıb ki, biz bir məqamı həmişə qürurla vurğulayırıq ki, 1993-cü ilin iyununda Heydər Əliyev böyük siyasətə qayıdışa Azərbaycan parlamentinin sədri vəzifəsində başlayıb. Ulu Öndərin fəaliyyəti sayəsində yeni inkişaf səviyyəsinə yüksəlmiş parlamentarizm ənənələri bu gün dövlət başçısının qayğısı və Milli Məclis deputatlarının birgə səyləri ilə daha da inkişaf etdirilir.Spiker bildirib ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dünya siyasət sənəti  xəzinəsinə daxil olub. Onun ideyaları xalqımızın bugünkü və gələcək nəsillərinin əməllərində yaşayır və  daim yaşayacaqdır. Sonra 9 may – Faşizm üzərində Qələbə Günü münasibətilə fikirlərini bölüşən Milli Məclisin sədri diqqətə çatdırıb ki, mayın 9-da faşizm üzərində Qələbənin 81 illiyi qeyd olundu. Qələbənin əldə edilməsinə Azərbaycan xalqı böyük töhfələr verib. Müharibə dövründə Azərbaycandan 700 minə yaxın adam cəbhəyə çağırılıb. Azərbaycanlılardan ibarət 5 milli diviziya yaradılıb. 320 minə qədər həmvətənimiz döyüş meydanlarından geriyə qayıtmayıb.Əsgər və zabitlərimiz döyüş meydanlarında misilsiz qəhrəmanlıq və şücaət göstəriblər. Həmvətənlərimiz 400 mindən çox döyüş ordenləri və medalları ilə təltif edilib, 130  nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı ordunun ehtiyaclarına uyğunlaşdırılmışdı. Bakıdan cəbhəyə 75 milyon ton neft və 22 milyon ton benzin göndərilmişdir. Azərbaycan yanacağı Qələbənin əldə edilməsində əvəzsiz rol oynayıb.Spiker qeyd edib ki, bu gün İkinci Dünya müharibəsinin veteranları dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. O, veteranlara möhkəm can sağlığı arzulayıb və bildirib ki, müharibə dövründə həlak olmuş həmvətənlərimizin əziz xatirəsini ehtiramla yad edirik.  Milli Məclisin sədri diqqətə çatdırıb ki, o müharibədən 75 il sonra Azərbaycan xalqının övladları qəhrəmanlıq ənənələrini İkinci Qarabağ müharibəsi günlərində də nümayiş etdiriblər. Nəsillər arasında əlaqə, milli-mənəvi dəyərlərə sədaqət və öz torpağı uğrunda fədakarlıq  xalqımızın yenilməz ruhunun rəmzinə çevrilib. Sonra spiker may ayının 6-dan 8-dək Monteneqroya işgüzar səfəri haqqında məlumat verib. O, bildirib ki, səfərdə məqsəd həmin ölkənin Budva şəhərində keçirilən Aralıq Dənizi Parlament Assambleyasının üzvü və tərəfdaşı olan parlamentlərin sədrlərinin 1-ci Sammitində və Assambleyanın 20-ci plenar sessiyasında iştirak etmək idi.Spiker qeyd edib ki, bu nüfuzlu beynəlxalq parlament məclisi Avropa-Aralıq dənizi və Körfəz ölkələrinin 34 parlamentini birləşdirir. Təşkilatın fəaliyyəti təhlükəsizlik, iqtisadi inteqrasiya, dinlərarası dialoq və digər məsələlərin həllinə kömək göstərməyə yönəlib.Milli Məclisin sədri vurğulayıb ki, son bir ildə Azərbaycan Respublikasının Milli Məclisi ilə bu təşkilat arasında əlaqələr sürətlə inkişaf edib, müxtəlif qarşılıqlı səfərlər və görüşlər həyata keçirilib.Spiker qeyd edib ki, bu ilin yanvar ayında Aralıq Dənizi Parlament Assambleyası Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamağı və Milli Məclisə müşahidəçi statusu verməyi təklif edib. O, xüsusi qeyd edib ki, bu məqam Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir. Digər tərəfdən, Azərbaycan Respublikası Milli Məclisinin parlament diplomatiyasında fəal rolunu, beynəlxalq parlament təşkilatları ilə səmərəli əməkdaşlığını bariz şəkildə əks etdirir.Milli Məclisin sədri bildirib ki, tədbir çərçivəsində təşkil olunmuş mərasim zamanı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Parlament Şəbəkəsinin sədri kimi Milli Məclisin sədri Sahibə Qafarova  və  Aralıq Dənizi Parlament Assambleyasının prezidenti Culio Çentemero imzalayıblar.Eyni zamanda, Azərbaycan Respublikasının Milli Məclisinə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib.Spiker nəzərə çatdırıb ki, Parlament sədrlərinin 1-ci sammitində parlament diplomatiyası ilə bağlı məsələlər müzakirə olunub. Milli Məclisin sədri bildirib ki, orada etdiyi çıxışda qeyd edib ki, parlament diplomatiyası etibarlı, inklüziv olmalı və beynəlxalq hüquqa, demokratik prinsiplərə, eləcə də qarşılıqlı anlaşmaya əsaslanmalıdır. O, bildirib ki, Azərbaycan Milli Məclisi çoxtərəfli parlament platformaları çərçivəsində iş birliyinə xüsusi önəm verir. Biz parlamentlərarası əməkdaşlığı ortaq çağırışların həlli üçün mühüm vasitə hesab edirik. Spiker xatırladıb ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Azərbaycanın təşəbbüsü ilə yaranması və təşkilatın fəaliyyəti də ölkəmizin qlobal səviyyədə parlament əməkdaşlığının gücləndirilməsinə sadiqliyini əks etdirir.Milli Məclisin sədri diqqətə çatdırıb ki, səfər çərçivəsində onun Monteneqro parlamentinin sədri Andrija Mandiç ilə görüşü olub.Görüşdə Azərbaycan–Monteneqro münasibətlərinin inkişafında parlamentlərarası təmasların mühüm rolu qeyd olunub və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.Spiker Sahibə Qafarova çıxışının sonunda Monteneqroya işgüzar səfərin uğurlu olduğunu diqqətə çatdırıb. İclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr keçirilib. Milli Məclisin komitə sədrləri Şahin İsmayılov, Zahid Oruc,  deputatlar Tural Gəncəliyev, Vüqar Bayramov, Nizami Səfərov, Fəzail İbrahimli, Mahir Süleymanlı, Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Rizvan Nəbiyev çıxış edərək gündəmdə olan bir sıra məsələlər barədə fikirlərini bölüşüblər.Çıxışlarda Ulu Öndərin anadan olmasının 103-cü ildönümündə Prezident İlham Əliyevin Şərqi Zəngəzurda öz ata-baba yurdlarına qayıdan sakinlərlə görüşünün xüsusi siyasi və mənəvi əhəmiyyət daşıdığı bildirilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin sosial media paylaşımında vurğuladığı kimi, Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, böyük qürur hissi keçirərdi. Bildirilib ki, müasir Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun aparıcı siyasi və iqtisadi güclərindən birinə çevrilib. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk postsovet münaqişə ölkəsi kimi yeni regional reallıq formalaşdırıb. Bu inkişaf modeli Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyasının davamı və bugünkü Azərbaycan həmin siyasi kursun nəticəsidir.Qeyd olunub ki, bəzi dövlətlər və ayrı-ayrı beynəlxalq dairələr regionda uzunmüddətli sülhün bərqərar olmasında maraqlı görünmür, siyasi və hüquqi baxımdan qərəzli yanaşmalar nümayiş etdirirlər. Çıxışlarda Fransanın regionla bağlı siyasəti, Ermənistanın hərbiləşdirilməsi, regional sabitləşdirici prosesləri pozmaq, siyasi təzyiq cəhdləri tənqid olunub.Deputatlar xüsusilə Fransanın bəzi rəsmilərinin çıxışlarına toxunaraq qeyd ediblər ki, Fransa Senatında səsləndirilən fikirlərdə regionda baş vermiş hadisələr təhrif olunmuş şəkildə təqdim olunub, Azərbaycanın mövqeyi və işğal dövründə ölkənin məruz qaldığı dağıntılar isə diqqətdən kənarda saxlanılıb. Onların fikrincə, bu cür yanaşmalar beynəlxalq münasibətlərdə ikili standartların və selektiv münasibətin növbəti təzahürüdür.Deputatlar bildiriblər ki, işğal dövründə yüzlərlə tarixi, dini və mədəni  abidə dağıdılıb, məhv edilib. Buna baxmayaraq, həmin dövrdə bir sıra beynəlxalq təşkilatlar və bəzi Qərb dairələri susqun mövqe sərgiləyiblər. Çıxışlarda Azərbaycanın öz ərazisində yerləşən bütün dini və tarixi abidələri qoruduğu xüsusi vurğulanıb.Sonra iclasda gündəlikdəki məsələlərə baxılıb. Parlamentin sədri Sahibə Qafarova birinci məsələnin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı olduğunu söyləyib. Spiker bu məsələ ilə əlaqədar olaraq plenar iclasda Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimovun və daxili işlər nazirinin müavini Fazil Quliyevin iştirak etdiyini deyib.Sonra daxili işlər nazirinin birinci müavini, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru Seyfulla Əzimov 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edib.Milli Koordinator bildirib ki, hesabat ölkədə insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticələrini əhatə edir və dövlət qurumlarının məlumatları əsasında hazırlanıb. Hesabatda həmçinin qeyri-hökumət təşkilatlarının materialları və aidiyyəti beynəlxalq qurumların təhlil və qiymətləndirmələri də nəzərə alınıb.Məlumatda qeyd olunub ki, insan alveri təkcə hüquq-mühafizə məsələsi deyil, eyni zamanda sosial-iqtisadi və informasiya təhlükəsizliyi baxımından da ciddi qlobal problemdir.  Diqqətə çatdırılıb ki, hesabat dövründə Azərbaycan Respublikasında bu sahədə fəaliyyət çoxsəviyyəli və sistemli şəkildə həyata keçirilib, qabaqlayıcı tədbirlər, cinayət təqibi, qurbanların müdafiəsi və sosial reabilitasiyası ardıcıl şəkildə davam etdirilib.İnsan alverinə qarşı mübarizənin əsas prioritet istiqamətlərindən  olan institusional mexanizmlərin təkmilləşdirilməsinə hesabat ilində də  önəm verilərək aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə qanunvericiliyə müvafiq dəyişikliklər edilib. Eyni zamanda, 2026–2030-cu illəri əhatə edən Milli Fəaliyyət Planı layihəsi razılaşdırılaraq aidiyyatı üzrə təqdim olunub.Maarifləndirmə və təlimlər istiqamətində görülən işlər barədə məlumat verilərək qeyd olunub ki, risk qruplarının məlumatlandırılması, gənclərin hüquqi biliklərinin artırılması və ictimai maarifləndirmə məqsədilə ölkə üzrə genişmiqyaslı tədbirlər həyata keçirilib. Minlərlə maarifləndirici material paylanılıb, onlarla seminar, təlim və kampaniya təşkil olunub. Eyni zamanda, təhsil, sosial müdafiə, səhiyyə, media və digər sahələri əhatə edən çoxşaxəli tədbirlər nəticəsində insan alveri ilə bağlı risklərin azaldılması istiqamətində institusional yanaşma gücləndirilib.Beynəlxalq əməkdaşlıq çərçivəsində bir sıra ölkələrlə təcrübə mübadiləsi aparıldığı, beynəlxalq təşkilatların tövsiyələrinin nəzərə alındığı və müxtəlif əməkdaşlıq sənədlərinin imzalandığı bildirilib.Cinayət təqibi və qurbanlarla iş üzrə qeyd olunub ki, hesabat dövründə insan alveri cinayətlərinin əksəriyyəti açılıb, cinayətkar qruplar zərərsizləşdirilib, təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunub. Qurbanların sosial müdafiəsi, reabilitasiyası və reinteqrasiyası istiqamətində konkret tədbirlər həyata keçirilib.Sonda vurğulanıb ki, insan alveri Azərbaycanda geniş yayılmış cinayət xarakteri daşımır və bu sahədə mövcud olan risklər sistemli dövlət siyasəti nəticəsində nəzarətdə saxlanılır. Qarşıdakı dövrdə isə institusional mexanizmlərin təkmilləşdirilməsi, preventiv tədbirlərin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər olacaq.Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Koordinatorun illik məlumatı ilə bağlı rəhbərlik etdiyi komitənin rəyini təqdim edib.Komitə sədri çıxışında insan alverinə qarşı mübarizə sahəsində Azərbaycanın əldə etdiyi nəticələri, müasir dövrün çağırışlarını və qlobal təhlükələri təhlil edib. O, siyasi-hüquqi və təhlükəsizlik aspektlərini əhatə edən sistemli yanaşmanın vacibliyini vurğulayıb. Komitə sədri Azərbaycanın postmüharibə dövründə dövlət suverenliyini tam bərpa etməsi fonunda təhlükəsizlik və hüquq-mühafizə sisteminin güclənməsi ilə insan alverinə qarşı mübarizənin daha effektiv mərhələyə keçdiyini diqqətə çatdırıb. Bildirib ki, işğaldan azad olunmuş ərazilərdə dövlət nəzarətinin tam təmin edilməsi isə bu sahədə risklərin minimuma endirilməsinə mühüm töhfə verib.Zahid Oruc qeyd edib ki, 2025-ci il üzrə beynəlxalq hesabat və qiymətləndirmələrdə müharibələr, silahlı münaqişələr, iqtisadi böhranlar və beynəlxalq təhlükəsizlik problemlərinin insan alverinin yayılmasına birbaşa təsir göstərdiyi xüsusi olaraq vurğulanır.Məlumatda yer alan Azərbaycan üzrə statistik göstəriciləri təhlil edən komitə sədri diqqətə çatdırıb ki,  insan alveri cinayətləri ümumi cinayətlərin 1 faizindən azını təşkil edir və son 20 ildə azalma tendensiyası müşahidə olunur.Çıxışının sonunda komitə sədri Milli Koordinatorun illik fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib, sənədin komitədə müzakirəsində səslənən təklifləri diqqətə çatdırıb.Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı ilə bağlı rəhbərlik etdiyi komitənin mövqeyini diqqətə çatdırıb.O, bildirib ki, təqdim olunan məlumat həyata keçirilmiş kompleks tədbirləri sistemli və lakonik şəkildə əhatə edir və burada insan alverinin yalnız hüquq-mühafizə deyil, eyni zamanda sosial-iqtisadi və müasir mərhələdə informasiya təhlükəsizliyi problemi kimi xarakterizə olunması düzgün yanaşmadır.Komitə sədri bir sıra hüquqi aspektlərə də toxunaraq insan alverinə qarşı cinayətlərin açılması üzrə göstəricinin 97 faizə çatmasını  mühüm nailiyyət kimi xarakterizə edib. Eyni zamanda, bildirib ki, aşkarlanmış cinayətlərin təxminən dörddə biri informasiya texnologiyalarının tətbiqi ilə törədilib ki, bu da rəqəmsal mühitin bu sahədə risk yaratdığını göstərir. Komitə sədri əlavə edib ki, 2025-ci ildən etibarən bu cinayətlərlə bağlı məhkəmə qərarlarında və tətbiq olunan sanksiyalarda azadlıqdan məhrumetmə cəzasının üstünlük təşkil etməsi dövlətin bu növ cinayətlərə qarşı sərt və prinsipial mövqeyini nümayiş etdirir.Çıxışda həmçinin qeyd olunub ki, son yeddi illə müqayisədə 2025-ci ildə insan alveri qurbanlarının sayında təxminən iki dəfə azalma müşahidə edilib. Bu tendensiya effektiv cinayət təqibi siyasətinin və kompleks preventiv tədbirlərin nəticəsi kimi qiymətləndirilib. Əli Hüseynli vurğulayıb ki, Prezidentin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış qələbə və ərazi bütövlüyünün təmini ölkədə ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə xidmət edib və bu amil kriminogen vəziyyətin sabitləşməsinə də müsbət təsir göstərib. O, əlavə edib ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən həyata keçirilən koordinasiyalı tədbirlər, həmçinin cəmiyyətin mövcud müsbət sosial dəyərləri bu sahədə mühüm rol oynayır. Nəticə etibarilə, ölkədə insan alveri cinayətlərinin geniş yayılmasının qarşısı alınıb və bu istiqamətdə daha dayanıqlı və effektiv mexanizmlərin formalaşdırılması prosesi davam etdirilir.Məsələ ilə bağlı müzakirələrdə komitə sədri Fazil Mustafa, deputatlar Bəhruz Məhərrəmov, Vüqar Bayramov, Razi Nurullayev, Azər Allahverənov çıxış ediblər, öz qeyd və təkliflərini söyləyiblər.Daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov dəstəyə görə deputatlara təşəkkür edib, səsləndirilən təkliflərin gələcəkdə nəzərə alınacağını söyləyib.Müzakirələrin sonunda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı nəzərə alınıb.Sonra spiker Sahibə Qafarova növbəti məsələ – “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsi ilə bağlı məlumat vermək üçün Regional məsələlər komitəsinin sədri  Siyavuş Novruzova söz verib.Komitə sədri bildirib ki, sənəddə Quba rayonunun inzibati ərazisinə daxil olan Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının müvafiq olaraq “Elbir”, “Çinarlı” və “Bəhrəli” adlandırılması təklif edilir.Siyavuş Novruzov təklifin  həm yerli sakinlər və bələdiyyələr, həm də Milli Məclis yanında Toponimiya Komissiyası tərəfindən dəstəkləndiyini, tarixi ədalətin bərpasına, milli toponimik irsin zənginləşdirilməsinə və dövlətçilik təfəkkürünün möhkəmləndirilməsinə xidmət edən mühüm addım kimi qiymətləndirildiyini söyləyib.Layihənin müzakirəsində deputat Əlibala Məhərrəmzadənin fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 2 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.Komitə sədri layihədə təklif olunan dəyişikliklərin əkin təyinatlı torpaqlarda müasir texnologiyaların daha səmərəli  tətbiqinə, məhsuldarlığın yüksəlməsinə, fitosanitar mühitin yaxşılaşdırılmasına, su resurslarından istifadənin səmərəliyinin artırılmasına, istehsal prosesində texniki maneələrin aradan qaldırılmasına xidmət etdiyini söyləyib. Qeyd edilib ki,  sənəd kənd təsərrüfatı fəaliyyətinə mane olan yaşıllıqların götürülməsinin hüquqi əsasının və bundan irəli gələrək götürmənin mexanizminin yaradılmasını nəzərdə tutur.Diqqətə çatdırılıb ki, dəyişikliklərə əsasən, Qanunun Əsas anlayışlar maddəsinə “ağac” və “kol” anlayışları əlavə edilir. Bununla yanaşı, Qanunun 13-cü maddəsində yaşıllıqlarının götürülməsinin prosedur qaydalarını özündə ehtiva edən müvafiq dəyişikliklər təklif olunur. Layihədə məqsədli təyinatı əkin, çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqların kənd təsərrüfatına mane olması halının yaşıllıqların götürülməsinə əsas verən hallar sırasına daxil edilməsi, həmin torpaqlarda olan kolların kəsilməsi üçün ümumi icraatdan fərqli olan daha sadələşdirilmiş icraatın (məlumatlandırma icraatının) tətbiqi, əkin təyinatlı torpaqlardakı ağaclara münasibətdə yaşıllıqların götürülməsinin ümumi qaydalarının tətbiq edilməsi, kol, gül-çiçək və ot bitkilərinin kəsilməsi üçün bərpa dəyərinin ödənilməməsi ilə bağlı məsələlər öz əksini tapıb. Qeyd edilib ki, kolların kəsilməsi üçün ərizəçi tərəfindən kolların kəsilməsindən əvvəl kəsiləcək kolların sayı, cinsi, növü, hündürlüyü, fotoşəkli, həmin kolların yayıldığı ərazinin ölçüsü, kolların kəsilməsini zəruri edən hal və digər sənədlər tərtib edilərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana  təqdim olunmalıdır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən 10 təqvim günü müddətində təqdim olunan sənədlərə münasibət bildirilməlidir.Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məsələ barədə rəhbərlik etdiyi komitənin rəyini açıqlayıb. O, təqdim edilən məsələnin  kənd təsərrüfatı təyinatlı torpaqlarda istehsal prosesinə mane olan, aqrotexniki baxımdan fayda verməyən, sahələrin homogenliyini pozan yaşıllıqların hüquqi tənzimlənməsi ilə bağlı olduğunu deyib. Bildirilib ki, bu gün kənd təsərrüfatı yüksək  texnologiyalar əsasında inkişaf edir və bu, əkin sahələrinin maneəsiz və düzgün strukturlaşmasını tələb edir. Lakin bir çox hallarda əkin torpaqlarında nizamsız şəkildə yerləşmiş kol və ağaclar texnologiyaların tətbiqinə mane olur, məhsuldarlığı azaldır, əlavə yanacaq sərfiyyatına səbəb olur. Layihədə məhz kənd təsərrüfatı fəaliyyətinə mane olan, istehsal məqsədlərinə xidmət etməyən yaşıllıqların götürülməsi ilə bağlı dəyişikliklər ehtiva edilir.Məsələ ətrafında müzakirələrdə çıxış edən deputatlar Qüdrət Həsənquliyev, Bəhruz Məhərrəmov, Bəxtiyar Əliyev, Azər Badamov, Asif Əsgərov, Əziz Ələkbərov, Erkin Qədirli öz fikirlərini və təkliflərini səsləndiriblər. Komitə sədrləri Tahir Rzayev və Sadiq Qurbanov millət vəkillərinin qaldırdıqları məsələlərə münasibət bildiriblər.Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.İclasda Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumat verib.Komitə sədri ötən il ölkə Prezidenti tərəfindən təqdim edilmiş “Diplomatik xidmət haqqında” Qanunun qəbul edildiyini, bir müddət sonra isə “Dövlət qulluğu haqqında” Qanuna müvafiq dəyişikliklərin edildiyini nəzərə çatdırıb. Bildirilib ki, təqdim olunan qanun layihəsində yuxarıda adı çəkilən qanunlarla dövlət qulluğuna xitam verilməsinin əsasları, bu zaman dövlət qulluqçusuna və onun vərəsələrinə dövlət məvacibinin hesablanıb ödənilməsi, dövlət qulluqçularının əməyinin ödənilməsi sisteminin yenidən formalaşdırılması istiqamətində edilən dəyişikliklərə uyğun olaraq diplomatik xidmətin xüsusiyyətləri nəzərə alınmaqla “Diplomatik xidmət haqqında” Qanunda da müvafiq dəyişikliklərin edilməsi təklif edilir. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini söylədikdən sonra, qanun layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.Milli Məclisin sədri gündəliyin növbəti 4 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyəti barədə danışıb.Komitə sədri hərbi qulluqçuların xidməti vəzifələrini yerinə yetirərkən müxtəlif risklərlə üzləşdiklərini, döyüş əməliyyatları və digər fövqəladə hallarda onların xəsarət alması hallarının baş verə biləcəyini qeyd edib. O, belə vəziyyətlərdə hərbi qulluqçuların şəxsiyyətinin operativ qaydada müəyyən edilməsinin və onlara tibbi yardımın vaxtında və düzgün göstərilməsinin həyati əhəmiyyət daşıdığını bildirib. Bu baxımdan, hərbi qulluqçuların fərdi identifikasiya ilə təmin olunma üsulundan istifadəsinə zərurət yarandığını və məsələnin həlli üçün qanunvericiliyə  “şəxsi jeton” anlayışının  və ondan istifadə qaydalarının əlavə edilməsinin nəzərdə tutulduğunu söyləyib. Bildirilib ki, layihəyə əsasən, habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna çağırışaqədərki hazırlıq sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədilə 9.4-cü maddənin əlavə edilməsi təklif olunur.Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.Komitə sədri məsələnin birinci oxunuşda müzakirəsi zamanı çıxış edən deputatların layihəni dəstəklədiklərini, habelə bir sıra təkliflərin səsləndirildiyini bildirib. Layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.Layihədə təklif olunan dəyişikliklərdə qanunun müvafiq maddələrinə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən əməliyyatların aparılmasına dair yeni normaların əlavə edilməsi nəzərdə tutulur.Deputat Vüqar Bayramov məsələ ilə bağlı bəzi təkliflərini bildirdikdən sonra, qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.Parlamentin sədri gündəliyin son 2 məsələsinin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu bildirib.Spiker 7-ci məsələnin “Maliyyə icarəsi haqqında”, 8-ci məsələnin isə Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Vergi Məcəlləsində, Rəqabət Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “Taxıl haqqında”, “Beynəlxalq xüsusi hüquq haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Çayçılıq haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Pambıqçılıq haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Elm haqqında”, “Kredit büroları haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin olduğunu diqqətə çatdırıb.Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov həmin qanun layihələrini təqdim edib.Komitə sədri 7-ci məsələnin mahiyyəti, məqsədi, konseptual əsasları barədə birinci oxunuş zamanı geniş məlumat verildiyini, deputatlar tərəfindən sənədi dəstəkləyən çıxışlar edilərək,  onun əhəmiyyətinin xüsusi vurğulandığını, həmçinin bəzi təkliflərin səsləndirildiyini söyləyib. Millət vəkilləri tərəfindən gələcəkdə maliyyə icarəsi fəaliyyəti üçün geniş güzəştlər paketinin tətbiq olunması, maliyyə bazarının subyekti üzrə maarifləndirmə işlərinin aparılması ilə bağlı təkliflərin verildiyini deyib.Bildirilib ki, maliyyə icarəsi bank kreditlərinə alternativ kimi çıxış edir, maliyyə bazarında rəqabəti gücləndirir, kapitalın real sektora yönəlməsini təmin edir. Qanun layihəsinin qəbulu milli iqtisadiyyatın maliyyələşdirilməsi mənbələrinin şaxələndirilməsinə, sahibkarlığın maliyyə təminatının genişləndirilməsinə, investisiya aktivliyinin yüksəlməsinə töhfə verəcək.Azər Əmiraslanov növbəti qanun layihəsini təqdim edərək, sənədin uyğunlaşdırma xarakteri daşıdığını, “Maliyyə icarəsi haqında” qanun layihəsinin məntiqi davamı olmaqla yanaşı, maliyyə lizinqi institutunun hüquqi sistemə inteqrasiyasını təmin edən mühüm normativ paket olduğunu deyib.Sonra 8-ci məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə bu komitələrin rəylərini açıqlayıblar.Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi