General deputatlara hesabat verdi – Nələrdən danışdı?

“İnsan alverinə qarşı mübarizədə fəaliyyətin effektivliyinin əsas şərtlərindən biri güclü hüquqi və institusional bazanın mövcudluğudur. Bu baxımdan hesabat ilində milli mexanizmlərin təkmilləşdirilməsi daim diqqətdə saxlanılıb. Bu istiqamətdə bir qanuna, Azərbaycan Prezidentinin üç fərmanına və Nazirlər Kabinetinin üç qərarına müvafiq dəyişikliklər edilib”.

turaninsesi.az” xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında danışarkən deyib.

O vurğulayıb ki, gələcək dövr üçün strateji planlaşdırma müvafiq dövlət qurumlarının təklifləri nəzərə alınmaqla hazırlanıb və 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı 34 dövlət qurumu ilə razılaşdırılaraq aidiyyəti üzrə təqdim edilib: 

“Həmin konseptual sənəddə preventiv tədbirlərin genişləndirilməsi, qurbanların müdafiəsinin gücləndirilməsi, cinayət təqibinin effektivliyinin artırılması, dövlət qurumları arasında koordinasiyanın genişləndirilməsi əsas hədəf istiqamətləri kimi müəyyənləşdirilib. Maarifləndirmə və preventiv fəaliyyət başlıca vəzifələrdən biri kimi bu istiqamətdə görülən işlər kompleks xarakter daşımış, coğrafi əhatə baxımından genişləndirilmiş, hədəf qrupları üçün diferensial yanaşma tətbiq edilib. Müvafiq tədbirlərin icrası çərçivəsində Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Səhiyyə, Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Ombudsman Aparatı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Reklam Agentliyi, Dövlət Turizm Agentliyi, Medianın İnkişafı Agentliyi və Dövlət Məşğulluq Agentliyi tərəfindən geniş işlər həyata keçirilib.

Belə ki, adları çəkilən qurumlar maarifləndirmə, ölkəyə turist kimi gələn şəxslərin qanunsuz əməllərdən qorunması, medianın monitorinqi, erkən nikahların qarşısının alınması, baxımsız qalan, təhsildən yayınan, övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqlara və onların ailələrinə nəzarət, dövlət uşaq müəssisələrinin məzunlarına sosial-hüquqi və sosial-psixoloji xidmətlərin göstərilməsi, təlim və treninqlərin təşkili kimi tədbirləri həyata keçirib. Xarici ölkələrə əmək fəaliyyəti məqsədilə getmək istəyən şəxslərin, ölkəyə gələn və tranzit istifadə edən əcnəbilərin məlumatlandırılması məqsədilə insan alveri riskləri, təhlükəsiz miqrasiya qaydaları və hüquqi müdafiə mexanizmlərini əhatə edən 3400 maarifləndirici material hazırlanaraq aidiyyəti qurumlara göndərilib. İnsan alveri, məcburi əmək, hüquqi məsuliyyət və şəxsi təhlükəsizlik mövzularında 72 orta ixtisas təhsil müəssisəsində seminarlar təşkil edilmiş, bu tədbirlərin əsas məqsədi gənclərdə riskləri tanımaq və onlardan yayınmaq bacarığını formalaşdırmaq olub”.

Arzu Paşaqızı