Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI
Azərbaycan Respublikasının Milli Məclisi Fransada 2026-cı ilin sentyabr-oktyabr aylarında baş verən etirazlar, polis zorakılığı və kütləvi həbslərlə bağlı narahatlığını ifadə edərək beynəlxalq təhqiqat komissiyasının yaradılmasına çağırıb.
“turaninsesi.az ” xəbər verir ki, bəyanatda Fransada təhsil sisteminin vəziyyəti, yaşayış xərclərinin artması və sosial problemlər səbəbindən başlayan etirazların oktyabrın 17-də genişləndiyi, Paris, Marsel, Lion və digər şəhərlərdə iğtişaşlar, yanğınlar və talanların baş verdiyi bildirilib. Rəsmi məlumatlara əsasən, həmin gün nümayişlərdə 550 min nəfər iştirak edib, hadisələrlə əlaqədar 2400 nəfərə yaxın şəxs həbs olunub.
Milli Məclis xüsusilə azyaşlıların polis zorakılığına məruz qalması barədə məlumatlardan narahatlığını ifadə edib. Bəyanatda Lansda 15 yaşlı yeniyetmənin əlini, Müluzda isə 17 yaşlı qızın bir gözünün görmə qabiliyyətini itirməsi ilə nəticələnən hadisələrə diqqət çəkilib. Qeyd olunub ki, bu hallar müstəqil və şəffaf şəkildə araşdırılmalıdır.
Bəyanatda, həmçinin dinc nümayişçilərin sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması, azyaşlılar da daxil olmaqla, çoxsaylı şəxslərin həbs edilməsi və bəzi şəhərlərdə toplantıların qadağan olunması tənqid edilib.
Milli Məclis Fransanın dənizaşırı ərazilərində, o cümlədən Qvadelup və Yeni Kaledoniyada ictimai təhlükəsizlik və fundamental hüquqlarla bağlı problemlərin mövcudluğuna da diqqət çəkib. Bəyanatda yerli xalqların hüquqlarının qorunması və hüquq-mühafizə orqanlarının güc tətbiqi ilə bağlı məlumatların araşdırılmasının vacibliyi vurğulanıb.
Azərbaycan parlamenti Fransanı uşaqlara və dinc nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqinin qarşısını almağa, ağır xəsarətlərlə nəticələnən hadisələri araşdırmağa, təqsirli şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etməyə və vətəndaşların dinc toplaşmaq hüququna hörmət etməyə çağırıb.
Bəyanatda Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Fransadakı hadisələrə münasibəti də tənqid olunub, insan hüquqları məsələsində ikili standartlara yol verildiyi bildirilib.
Milli Məclis BMT-nin İnsan Hüquqları Şurasını azyaşlılar da daxil olmaqla, dinc nümayişçilərə qarşı güc tətbiqi və insan hüquqlarının pozulması hallarını araşdırmaq üçün müstəqil beynəlxalq təhqiqat komissiyası yaratmağa çağırıb.
Bundan əlavə, Fransa parlamentinə, beynəlxalq parlament təşkilatlarına və insan hüquqları təsisatlarına hadisələrə prinsipial münasibət bildirmək, beynəlxalq təhqiqatın aparılmasını dəstəkləmək və Fransanın beynəlxalq öhdəliklərinə əməl etməsini tələb etmək barədə müraciət edilib.
Arzu Paşaqızı