Koreya Milli Assambleyasının nümayəndə heyəti Milli Məclisdə olub

Milli Məclis sədrinin müavini Musa Qasımlı iyulun 14-də ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Li Man Hinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Görüşdə Azərbaycan ilə Koreya arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğu qeyd olunub. Bildirilib ki, ölkələrimiz arasında fəal siyasi dialoq, ali və yüksəksəviyyəli qarşılıqlı səfərlər, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlığın ardıcıl şəkildə inkişaf etdirilməsi dövlətlərarası əlaqələrin daha da genişlənməsi üçün möhkəm zəmin yaradır.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan danışan Musa Qasımlı, iqtisadi inkişafın dinamikasını, ölkədə sabitliyin təmin olunması istiqamətində görülən işləri, eləcə də xarici sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühitini qeyd edib. Bu baxımdan, Azərbaycanda fəaliyyət göstərən çoxsaylı Koreya şirkətlərinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verdiyi məmnunluqla qeyd olunub.

Arzu Paşaqızı