İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

İyunun 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

Komitə sədri Azər Əmiraslanov iclasda birinci oxunuşda beş məsələnin müzakirəyə təqdim ediləcəyini bildirib. O qeyd edib ki, gündəliyin 1-ci məsələsi “Kraudfandinq haqqında” Azərbaycan Respublikası qanun layihəsidir. 2-ci məsələnin – Mülki Məcəllədə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu deyən komitə sədri bu sənəddə “Kraudfandinq haqqında” qanun layihəsindən irəli gələn uyğunlaşdırma xarakterli dəyişikliklərin təklif olunduğunu söyləyib. O, 3-cü məsələnin Əmək Məcəlləsində, Mülki Məcəllədə, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu və mahiyyətcə vençur kapitalı fondları ilə bağlı olduğunu bildirib. 4-cü məsələnin – Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin innovativ fəaliyyətin dəstəklənməsi və bu sahədə nəzərdə tutulan güzəştlərlə bağlı olduğunu, 5-ci məsələnin isə “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu qeyd edib.

Arzu Paşaqızı