İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

Komitənin sədri Azər Əmiraslanov bildirib ki, iclasın gündəliyinə bir məsələ – ölkə Prezidenti tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) daxil edilib.Azər Əmiraslanov müzakirəyə çıxarılan qanun layihəsinin və hesabatın qanunvericilikdə nəzərdə tutulmuş vaxtda və formada Milli Məclisə daxil olduğunu, bununla bağlı Hesablama Palatası tərəfindən müvafiq rəyin hazırlandığını qeyd edib. O, ölkə Prezidentinin təşəbbüsü ilə ötən ildən dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı institusional xarakterli, eyni zamanda, rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin formalaşdırılmasını əhatə edən, həm də səmərəli icra və nəzarət mexanizmlərinin yaradılmasını nəzərə tutan mühüm islahatlara başlanıldığını vurğulayıb. Komitə sədri dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatların parlament müstəvisində də büdcə hesabatlılığının təkmilləşdirilməsinə töhfə verəcəyini söyləyib. Qeyd olunub ki, Azərbaycan Konstitusiyasında dövlət büdcəsinin təsdiq edilməsi ilə yanaşı, həm də onun icrasına nəzarət Milli Məclisin mandatı kimi müəyyən edilib. Parlament qarşısında büdcə hesabatlılığı mahiyyətcə büdcəyə nəzarətin həyata keçirilməsidir.

Arzu Paşaqızı