DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
- Oktyabrın 29-da və 30-da ölkə ərazisində qeydə alınan 79, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.
- Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.
Oktyabrın 29-da saat 14 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində Yardımlı rayon sakini N.Əliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili yolun kənarındakı dəmir boruya vurub. Nəticədə onun sərnişini Yardımlı rayon sakini Nəsibə Əlişova hadisə yerində ölüb.
Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oktyabrın 29-da saat 19 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini T.Məhərrəmli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Aytəkin Fazilli və onun oğlu Xəyalı vurub. Nəticədə hər 2 piyada hadisə yerində ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oktyabrın 29-da saat 23 radələrində Şamaxı rayonunun Quşçu kəndi ərazisində şəhər sakini Tural Hörmətzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarına aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oktyabrın 30-da saat 1 radələrində Binəqədi rayonunun 28 May qəsəbəsi ərazisində Bakı şəhər sakini Azər Səfiyev idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarındakı maneəyə vurub və nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Oktyabrın 30-da saat 7 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Sabirabad rayon sakini E.Əlizadənin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Sumqayıt şəhər sakini Şahin Fətullayevin idarə etdiyi “BMW” markalı avtomobil toqquşub. Nəticədə Ş.Fətullayev və sərnişinlərindən Bəymirzə Mərdanov hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oktyabrın 30-da saat 22 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində Fatmayı kənd sakini S.Orucov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən piyadanı vurub və nəticədə o, hadisə yerində ölüb.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Nərimanov Rayon Polis İdarəsində oktyabrın 27-də rayon ərazisindəki orta məktəblərin birində məktəbliyə qarşı əxlaqsız hərəkətlər edilməsi barədə daxil olan məlumatla əlaqədar Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə və quldurluq əməllərinə görə məhkum olunmuş Tərtər rayon sakini Sahil Həsənov müəyyən olunaraq saxlanılıb.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 24-də rayon ərazisində Bakı şəhər sakini S.Xankişiyevanın içərisində pulu, sənədi və mobil telefonu olan cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Eldar Orduxanov müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da rayon ərazisindəki poçtların birindən 1040 manat pul və 2600 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İlqar Knyazov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.