Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 5 mart tarixli plenar iclasında çıxışı
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, fevralın 20-dən 24-dək Milli Məclis Asiya Parlament Assambleyasının tədbirlərinə ev sahibliyi etmişdir. Məlumat üçün bildirim ki, Asiya Parlament Assambleyası 2006-cı ildə yaradılmışdır və öz sıralarında 43 üzv parlamenti və 31 müşahidəçini birləşdirir.
Assambleyanın İcra Şurasının iclasında və 14-cü plenar sessiyasında iştirak etmək üçün 26 ölkənin və 9 beynəlxalq təşkilatın 300 nəfər təmsilçisi, o cümlədən 9 nəfər parlament sədri və 5 nəfər sədr müavini Bakıya gəlmişdilər.
Sessiyada “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın möhkəmləndirilməsi” mövzusunda müzakirələr aparılmışdır. Tədbirin sonunda isə Bakı Bəyannaməsi qəbul edilmişdir.
Hörmətli həmkarlar!
Təşkilatın 14-cü plenar sessiyasının ölkəmiz üçün ən mühüm yekunlarından biri bu olmuşdur ki, 2024–2025-ci illər üçün Asiya Parlament Assambleyasına sədrlik Azərbaycan Respublikasına təhvil verilmişdir. Əlbəttə, bu hadisə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xəttinin növbəti uğuru kimi dəyərləndirilməlidir.
Hörmətli həmkarlar!
Sessiya çərçivəsində bir sıra mühüm ikitərəfli görüşlər də keçirilmişdir. Qeyd edim ki, bir neçə beynəlxalq parlament təşkilatının rəhbərləri, Türkiyə, Tacikistan, İraq, Bəhreyn, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Tailand, Maldiv və Şri-Lanka parlamentlərinin sədrləri ilə mənim görüşlərim də olmuşdur.
Hörmətli həmkarlar!
Mən bu mötəbər beynəlxalq toplantının yüksək səviyyədə təşkilində əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI