Vitse-spiker Adil Əliyev:“Ölkəmizdə idmana xüsusi diqqət var”
Ölkəmiz dünyada azsaylı ölkələrdəndir ki, idmana öz təqvimində xüsusi gün ayırıb və 5 mart tarixini Bədən Tərbiyəsi və İdman Günü olaraq elan edib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Məhz idman sahəsinə göstərilən bu yüksək diqqətin əsas səbəbi idman siyasətinin daim diqqət mərkəzində olmasındadır. Bədən Tərbiyəsi və İdman Günü dövlət başçısı cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən təsis edilib.
1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyevin Bakı İdman Sarayında Dünya və Avropa çempionatlarının qalibləri, mükafatçıları ilə görüşməsi gələcəkdə bu tarixi təqvimimizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunmasına zəmin yaratdı. Bu görüş həm də ölkəmizin idman həyatında gələcəkdə atılacaq addımlarla və müasir idman siyasəti ilə yadda qaldı. Məhz Ulu Öndərin idmançılar ilə keçirdiyi bu tarixi görüşdən sonra ölkəmizdə müasir idman siyasətinin əsası qoyulub. Belə ki, idman sahəsində aparılan işlərin təkmilləşdirilməsi məqsədilə İdman Fondu təsis edildi. Nəticə, bu fond tərəfindən görülən işlər bədən tərbiyəsi və idmanın inkişafına təkan vermişdir. Ulu Öndər Heydər Əliyevin idmançılarla görüş zamanı “İdman sahəsində hər birinizin fəaliyyəti, gördüyünüz işlər və əldə etdiyiniz nailiyyətlər Azərbaycan idmanının adını, şanını, şöhrətini yüksəldir” sözləri idmançılarımız üçün növbəti bir stimula çevrildi.
Bədən tərbiyəsi və idmanın inkişafı, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə respublikamıza rəhbərliyə başlamasından sonra dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu məqsədlə də 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi yaradılmış, habelə Ulu Öndər mütəmadi olaraq idmançıları qəbul edərək, onlarla görüşmüş, qayğılarının həlli istiqamətdə göstərişlər vermişdir. İdmana və idmançılara göstərilən yüksək diqqətin və qayğının nəticəsində idmanın inkişafında yeni və həyati mərhələ başlandı.
1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etməyə başlaması ilə ölkəmizin idman həyatında yeni mərhələ başladı. İdmanın inkişafı istiqamətində bütün zəruri addımlar atıldı, bölgələrdə olimpiya kompleksləri, idman zalları yaradıldı və maddi texniki baza formalaşdı. İdmançılarımızın yerli və beynəlxalq yarışlara cəlb edilməsi istiqamətində zəruri addımlar atıldı.
Bu siyasət İlham Əliyev respublika Prezidenti seçildikdən sonra daha geniş vüsət aldı. Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı, uğurlu idman siyasəti nəticəsində ölkəmiz dünyanın qabaqcıl idman ölkəsinə çevrildi. Ulu Öndərin idmançılarla mütəmadi görüşləri ilə bağlı xoş ənənə cənab Prezident tərəfindən də davam etdirildi, hər il idmançıların ölkə başçısı tərəfindən qəbul edilməsi, onların mükafatlandırılması idmançılarımıza daha böyük stimul verdi. Görülən işlər intensivləşdikcə müsbət nəticə özünü qısa müddət ərzində göstərməyə başladı. İdmançılarımız olimpiadalardan ölkəmizə medallarla dönür. Hər dəfə qalib gələn idmançılarımızın səsləndirdikləri himnimiz, göylərə qalxan bayrağımız bir azərbaycanlı kimi qürurumuza səbəb olurdu.
Ulu Öndər Heydər Əliyevin idmanla bağlı bir fikrini hər zaman xatırlayırıq: “İnanıram ki, idman, bədən tərbiyəsi Azərbaycanda getdikcə kütləvi xarakter alacaq”. Ölkəmizdə həyata keçirilən mütərəqqi idman siyasəti nəticəsində Ulu Öndərin bu arzusu həyata keçdi. Prezident İlham Əliyevin diqqət və qayğısı idmanı ölkəmizdə kütləviləşdirdi. Belə ki, ölkəmizin idman sahəsində qazandığı uğurlarla yanaşı, paytaxtda və bölgələrdə yaradılan idman kompleksləri və idman bazaları idmanın kütləviləşməsinə gətirib çıxardı. İdman zallarında məşq etmək hər kəs üçün əlçətan oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin yaratdığı təməllər üzərində yürütdüyü böyük siyasi xəttə daxil olan gənclər və idman siyasəti sayəsində Azərbaycanda cəngavər ruhlu, sağlam mənəviyyatlı gənclər ordusu yetişdi.
Həm İkinci Qarabağ müharibəsi, həm də lokal xarakterli antiterror tədbirləri zamanı yalnız hərbi təyinatlı obyektlərin hədəfə alınması, mülki əhaliyə zərər vurulmaması Azərbaycan hərbçisinin yüksək intellekti, peşəkarlığı ilə bərabər, gəncliyimizin nəcib tərbiyəsindən, yüksək fiziki hazırlığından, sağlam ruhda böyüməsindən xəbər verirdi.
Dövlət başçısının iştirakı ilə 2023-cü ilin 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirildi. Xankəndi şəhəri azad olunduqdan sonra ilk mədəni-kütləvi idman tədbirinin keçirilməsi həm də idmana verilən qiymətdir. Dövlət başçısının şəhid övladları, qazilərlə birlikdə izlədiyi futbol matçı uzun illər yaddaşlarımızda qalacaqdır. Eləcə də, həmin gün dövlət başçısı artıq ənənə halını almış görüşlərdən birini idmançılarla təşkil edərək, onları ilin yekunlarına görə növbəti dəfə mükafatlandırdı.
İdman siyasəti xüsusilə Prezident İlham Əliyevin gündəliyində olan bir mövzudur. Gənclərin ictimai həyatda iştirakını təmin etmək məqsədilə gənclər mərkəzləri, gənclər evləri, olimpiya idman mərkəzləri fəaliyyət göstərir.
İdman sahəsində qazanılan uğurlardan başqa, ölkəmiz ən böyük idman yarışlarının yüksək səviyyədə təşkilatçısına çevrildi. İlkin olaraq Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən Birinci Avropa Oyunlarına yüksək səviyyədə təşkil edildi və bu Oyunların təşkili ilə bağlı ənənənin əsasını qoydu, yarışa ev sahibliyi hüququnu ölkəmizə həvalə etməsi dünyadan ən güclü idman ölkələrindən biri olaraq tanınmağımıza əsas verdi.
Növbəti dəfə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil edilməsi, habelə Formula1 kimi dünyanın diqqət mərkəzində olan yarışlarının ölkəmizdə keçirilməsi Azərbaycanı dünyada idmana ən çox diqqət ayıran ölkələrdən birinə çevirdi. Bu idman yarışlarının ən yüksək səviyyədə təşkili isə idmanı ölkəmizin brendlərindən birinə çevirdi. Euro2020-nin bəzi oyunlarının ölkəmizdə təşkili isə ən geniş azarkeş ordusunu özündə cəmləşdirən stadionlarımızın olmasını bir daha diqqət mərkəzinə gətirir.
İdmanın kütləviləşməsinin, gənc nəslin idmana marağının artırılmasının, habelə vətənpərvər ruhda tərbiyənin uğurlu nəticəsini həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Ordumuzun qələbəsi göstərdi. Belə ki, hərbi qulluqçularımızın fiziki cəhətdən hazırlıqlı olmaları, onların göstərdiyi şücaət diplomatik müstəvidə aparılan uğurlu danışıqlarla vəhdət təşkil edərək qalibiyyətimizi təmin etdi. Hazırda Azərbaycan Ordusunun hərbi qulluqçuları dünyanın ən hazırlıqlı hərbçilərinin sırasında yer alırlar. İdman yarışlarında himnimizi səsləndirir, bayrağımızı dalğalandırırlar. Gənclərimizin son illərdə idman sahəsində və beynəlxalq yarışlarda qazandığı uğurlar da göz qabağındadır. Bu uğurların təməli də dövlətin gənclər siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev haqlı olaraq vurğulayır ki, gənclərin fiziki tərbiyəsi və sağlamlığı dövlətimizin əsas prioritetlərdəndir.
Azərbaycan gəncliyi istər Vətən müharibəsində, istərsə də ondan sonrakı dövrdə üzərinə düşən tarixi vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin əsas hərəkət qüvvəsi gənclər oldu, müharibədəki qələbəmiz gənclərlə bağlı aparılan uğurlu siyasətin nəticəsi idi. Fərəhləndirici haldır ki, 44 günlük döyüşlərdə bir fərarilik faktı qeydə alınmadı. Halbuki, Ermənistan ordusunun 12 mindən çox fərarisi olmuşdur və həmin fərarilik halları ilə bağlı Ermənistanda bu gün də məhkəmə işləri davam edir. Vətən müharibəsində gənclərimizin yüksək fiziki və mənəvi hazırlığı və vətənpərvərlik hissi əməldə sübut olundu. Azərbaycan Ordusundan bir nəfər də döyüş meydanını tərk edib qaçmamışdır.
Qələbəmizdə gənclərlə bağlı dövlət siyasətinin rolu təkcə fiziki və mənəvi hazırlıq, o cümlədən vətənpərvərlik işi ilə məhdudlaşmadı. Əlbəttə, Şuşanın işğaldan azad edilməsi dağlara əliyalın dırmanan gənclərimizin vətənpərvərliyinin, yüksək mənəvi və fiziki hazırlığının parlaq nümayişi idi. Düşmən də mat qaldı ki, Azərbaycan gəncləri necə qəhrəmancasına Şuşanı azad etdilər. Çünki ermənilər 1992-ci ildə Şuşanı tanklarla və top atışları ilə işğal etmişdilər. Azərbaycan gəncləri isə Şuşanı yüngül çaplı silahlarla, bıçaqlarla, hətta düşmənlə əlbəyaxa döyüşlərlə azad etdilər.
İdmana olan diqqətin artması ilə gənc nəslin zərərli vərdişlərdən çəkindirməyin mümkünlüyünü, onların layiqli vətəndaşlar olaraq yetişdirilməsində əvəzsiz təsir edir. Qazanılmış qələbələrin, beynəlxalq idman yarışlarında uğurla davam etdirilməsi, idmançılarımız ölkəmizi daha yaxşı təmsil etmələri üçün var qüvvələri ilə çalışmalıdırlar.
Qarabağda qazandığımız Zəfərin idmançılarımız tərəfindən uğurla davam etdiriləcək, Şuşamızda, Laçınımızda, Xankəndimizdə və işğaldan azad olunmuş bütün ərazilərimizdə böyük məğrurluqla dalğalanan Şanlı üçrəngli bayrağımızın keçirilən yarışlarda da göylərə yüksələcəkdir.
Qarşıda bizi Fransanın paytaxtı Paris şəhərində baş tutacaq XXXIII Yay Olimpiya Oyunları gözləyir. Əminəm ki, idmançılarımız ölkəmizi ən yaxşı səviyyədə təmsil edib, Qələbə ilə dönəcəklər. Bu ölkədə himnimizi səsləndirmək, bayrağımızı göylərə qaldırmaqla dövlətimizin və xalqımızın gücünü hər kəsə nümayiş etdirəcəklər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI