Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçirilib
Fevralın 28-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və Aqrar siyasət komitəsinin birgə təşkilatçılığı ilə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov tədbiri giriş nitqləri ilə açaraq iştirakçıları salamlayıblar və bu dinləmənin keçirilməsi üçün göstərilən dəstəyə və yaradılan şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür ediblər.
Komitə sədri Tahir Rzayev deyib ki, bu gün dünyada baş verən iqlim dəyişiklikləri, müharibələr, dövlətlərarası münasibətlərin pozulması su təsərrüfatında və onun idarə olunmasında ciddi problemlər yaradıb və bu problemlər Azərbaycandan da yan keçməyib. Azərbaycanda bu sahədə uğurlu layihələrin həyata keçirildiyini qeyd edən komitə sədri görülən işlərin, nəzərdə tutulan tədbirlərin su təsərrüfatı sahəsindəki problemlərin həllinə böyük inam yaratdığını bildirib.
Komitə sədri Sadiq Qurbanov bu gün dünyanı narahat edən su çatışmazlığı probleminin yaranma səbəblərindən, onun bəşəriyyətə, canlı aləmə və Azərbaycana təsirlərindən söz açıb. Etibarlı su təchizatını yeni minillikdə hər bir ölkənin qarşısında duran strateji məsələ adlandıran komitə sədri su təhlükəsizliyini ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi kimi xarakterizə edib, ölkə Prezidentinin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda su təminatı ilə bağlı həyata keçirilən nəhəng layihələrdən danışıb. O, respublikanın su ehtiyatlarının formalaşması, ölkənin su təsərrüfatının idarə olunması, içməli suya və suvarma suyuna olan tələbatın ödənilməsi, suyun keyfiyyəti və onun təmizlənməsi, suya qənaət edilməsi və ondan səmərəli istifadə barədə fikirlərini bölüşüb.
Sonra mövzu üzrə geniş məruzə ilə çıxış edən Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Azərbaycan dövlətinin ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına xüsusi əhəmiyyət verdiyini deyib.
Zaur Mikayılov dünyada baş verən qlobal iqlim dəyişikliklərinin ətraf mühitə və onun ən əsas elementlərindən biri olan su ehtiyatlarına neqativ təsirlərini qeyd edərək, bununla bağlı ölkəmizin qarşısında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su itkilərinin qarşısının alınması, sistemlərin müasir səviyyədə yenidən qurulması, yeni su mənbələrinin yaradılması ilə bağlı çağırışlar ortaya qoyulduğunu bildirib. O, su ehtiyatlarının mühafizəsi və sudan səmərəli istifadə, əhalinin içməli su və suvarma suyu ilə təmin edilməsi və digər bu kimi xidmətlərin yaxşılaşdırılması istiqamətində geniş institusional islahatların həyata keçirildiyini, irimiqyaslı layihələrin icra olunduğunu diqqətə çatdırıb.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva su ehtiyatlarının gələcək proqnozlarının nikbin olmadığını qeyd edərək, su ehtiyatlarının səmərəli istifadəsi məsələsinin aktuallığını vurğulayıb.
O, Azərbaycanda su ehtiyatlarının səmərəli istifadəsinə dair milli strategiya layihəsinin hazırlanması, su ilə bağlı vahid məlumat bazasının yaradılması haqqında məlumat verib. Umayra Tağıyeva alternativ su mənbələrindən istifadə sahəsində də təmsil etdiyi nazirliyin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərov isə qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarının azalmasının aqrar sahənin su təminatında yaratdığı bir sıra çətinliklərdən danışıb. O, su ehtiyatlarından istifadənin və su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi və bu sahədə operativ koordinasiyanın təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya tərəfindən bu istiqamətdə vacib tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.
O, deyib ki, Su Komissiyasının tapşırıqları əsasında ölkə üzrə aqrar islahatların həyata keçirilən infrastruktur layihələri ilə uzlaşdırılması, su ehtiyatlarının mövcud vəziyyətinin dövri təhlilinin aparılması və tənzimlənməsi sahəsində operativ qərarların qəbul olunması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında qurumlararası koordinasiyalı fəaliyyət təşkil olunub. Eyni zamanda, yerlərdə kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün suvarmanın növbəlilik əsasında təşkil edilməsi, sututarların artırılması, qapalı idarəolunan suvarma sistemlərinin təşviqi edilməsi ilə əlaqədar mütəmadi işlər aparılır.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Asim Mollazadə, deputatlar Fəzail Ağamalı, Fatma Yıldırım, Məlahət İbrahimqızı, Jalə Əliyeva, İltizam Yusifov, Azay Quliyev, Rəşad Mahmudov, Aydın Hüseynov, Elnur Allahverdiyev, Rauf Əliyev, Azər Badamov, Sevinc Hüseynova, Tamam Cəfərova, Naqif Həmzəyev, Məşhur Məmmədov, Nəsib Məhəməliyev, Vüqar Bayramov, Emin Haciyev, Müşfiq Məmmədli, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bölmə müdiri Eldar Abdullayev, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər, rəy və təkliflərini səsləndiriblər.
Tədbirin yekununda komitə sədri Sadiq Qurbanov və Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dinləmədə qaldırılan məsələlərə münasibətlərini bildiriblər, səsləndirilən suallara aydınlıq gətiriblər.
Dinləmədə Milli Məclisin deputatları Anar Məmmədov, Afət Həsənova, Əliabbas Salahzadə, Müşfiq Cəfərov, müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, bu sahənin ekspertləri və digər aidiyyəti şəxslər iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI