Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Fevralın 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclası açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə 5 məsələ daxildir. Birinci məsələ Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqındadır. Əli Hüseynli Fikrət Məmmədovu peşəkar hüquqşünas və qanunun aliliyini həmişə uca tutan kadr kimi dəyərləndirib. Bildirib ki, Fikrət Məmmədov bu vəzifəyə təyin olunmaqla Konstitusiya Məhkəməsinin fəaliyyətinə öz töhfələrini verəcəkdir.
Məsələ barədə çıxış edən komitə üzvləri Fəzail Ağamalı, Bəhruz Məhərrəmov, Tahir Kərimli, Əminə Ağazadə, Elşən Musayev Fikrət Məmmədovun təcrübəli hüquqşünas kimi ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsi işində yaxından iştirak etdiyini qeyd ediblər. Deputatlar onun hüquq ictimaiyyəti arasında qazandığı nüfuzu və ədliyyə sisteminin inkişafı sahəsindəki fəaliyyətini yüksək qiymətləndiriblər.
İclasda çıxış edən Fikrət Məmmədov ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə və onun namizədliyini dəstəklədikləri üçün deputatlara təşəkkürünü bildirib.
Sonra məsələ Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Əli Hüseynli bildirib ki, gündəliyin 2-ci məsələsi ölkə başçısı tərəfindən daxil olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir.
Qanun layihəsinin birinci oxunuşu barədə məlumat verən Məhkəmə Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov bildirib ki, bu dəyişikliklər ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, Məhkəmə Hüquq Şurasına əlçatanlığın asanlaşdırılması məqsədi daşıyır. Dəyişikliklər məhkəmə fəaliyyətini tezləşdirməyə kömək edəcək.
Sonra o, Məhkəmə Hüquq Şurasında görülmüş işlər barədə məlumat verib, deputatları maraqlandıran sualları cavablandırıb.
Bu qanun layihəsi də Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
Sonra Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyin növbəti 2 məsələsi “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) ölkə başçısı tərəfindən bir zərfdə daxil olub.
Qanun layihələri barədə məlumat verən deputat Kamal Cəfərov bildirib ki, hər iki məsələ 2023-cü il fevralın 24-də “Fövqəladə vəziyyət haqqında” qanuna edilmiş dəyişikliklərlə bağlıdır və onlara uyğunlaşdırma xarakteri daşıyır.
Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra komitə sədri Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyin 5-ci məsələsi ikinci oxunuşda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov təqdim etmişdi. Həmin iclasda deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirilib.
Sonra gündəliyin 5-ci məsələsi də Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Onlayn iclasda komitə üzvləri Azay Quliyev, Vüqar İskəndərov, Sabir Hacıyev, Cəbi Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI