Sahibə Qafarovanın parlamentin 2024-cü il 16 fevral tarixli plenar iclasında çıxışı
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, bu il fevralın 7-də ölkəmizin siyasi həyatında tarixi əhəmiyyətli bir hadisə baş vermişdir. Demokratik və şəffaf şəraitdə keçirilən azad və ədalətli seçkilərdə möhtərəm cənab İlham Əliyevin parlaq qələbəsi onun Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətlərinə verilən yüksək qiymətin ifadəsi olmuşdur.
Ölkəmizin bütün ərazisində keçirilən növbədənkənar Prezident seçkiləri milli inkişaf tariximizə Zəfər seçkiləri kimi daxil olmuşdur. Xalqımız Azərbaycanın qüdrətli dünya dövlətinə çevrilməsində həlledici rolu olan liderinə sonsuz inam və etimadını bir daha ifadə etmiş, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi xəttin davam etməsini istədiyini bildirmişdir. Bu müdrik seçim bölgədə və dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir dövrdə Azərbaycanda səriştəli və məsuliyyətli rəhbərlik amilinin davamlılığını təmin etmişdir.
Hörmətli həmkarlar!
Onu da deyim ki, mən hamımızın adından möhtərəm cənab İlham Əliyevə məktub göndərmişəm. Yenidən dövlət başçısı seçilməsi münasibəti ilə ona səmimi təbriklərimizi çatdırmış və xoş arzularımızı ifadə etmişəm.
Hörmətli deputatlar!
Bizə qürur verən bir məqam da bundan ibarətdir ki, möhtərəm cənab Prezidentin andiçmə mərasiminin Milli Məclisdə keçirilməsi ənənə halını almışdır. Bu da dövlətimizin rəhbərliyi tərəfindən parlamentə verilən önəmi nümayiş etdirir.
Fevralın 14-də andiçmə mərasimində söylədiyi nitqdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ötən 20 ildən artıq dövrdə ölkəmizin keçdiyi inkişaf yolunu geniş təhlil etdi, bu dövrü uğur və qələbələrlə dolu olan illər kimi dəyərləndirdi, eyni zamanda, qarşıya çıxan çətinlikləri və problemləri, xüsusən Qarabağın azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası məsələsini xalqımızın yumruq kimi birləşərək həll etdiyini bildirdi.
Proqram xarakteri daşıyan dərin məzmunlu nitqində dövlət başçısı yeni tarixi dövrdə qarşıda dayanan vəzifələrə nəzər saldı, dövlətimizin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, işğaldan azad edilmiş torpaqların bərpası, sosial-iqtisadi inkişaf, texnoloji üstünlüyün təmin edilməsi, milli-mənəvi dəyərlərə sadiq olan gənc nəslin yetişdirilməsi, Azərbaycançılıq məfkurəsinin gücləndirilməsi və digər sahələrdə görüləcək işlərdən danışdı, xarici siyasət istiqamətində yeni üfüqlərin açılması zərurətini qeyd etdi.
Hörmətli həmkarlar!
Əminliklə söyləmək olar ki, möhtərəm cənab Prezidentin siyasi məharəti və səriştəsi, yaradıcı təfəkkürü və yenilməz əzmi dövlətimizin inkişafı naminə qarşıya qoyulan bütün hədəfləri əldə etməyə imkan yaradacaqdır. Milli Məclis isə dövlət başçısının uzaqgörən daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.
***
Hörmətli həmkarlar !
Bildiyiniz kimi, bu gün bizim gündəliyimizdə 8 məsələ var və 1-ci məsələ Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərar layihəsidir.
Hörmətli deputatlar, Azərbaycan Respublikası Konstitusiyasının 118-ci maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Baş nazir vəzifəsinə Əli Hidayət oğlu Əsədovun namizədliyinə razılıq verilməsi üçün Milli Məclisə müraciət etmişdir.
Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 9-cu bəndinə uyğun olaraq, parlament Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verilməsi məsələsinə dair qərar qəbul etməlidir.
Hörmətli həmkarlar, Əli müəllim Əsədovu hamımız yaxşı tanıyırıq. O, Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. İqtisadçı alim və mütəxəssisdir. İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosentdir. 1980–1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda işləmiş, 1989-cu ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışmışdır.
Əli Əsədov siyasi fəaliyyətə 1992-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmaqla başlamışdır.
Əli müəllim birinci çağırış Milli Məclisin deputatı, İqtisadi siyasət komissiyasının üzvü olmuşdur. Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 1998-ci ilin aprel ayında Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir. Daha sonra o, Prezident Administrasiyası rəhbərinin müavini, Prezidentin köməkçisi – İqtisadi məsələlər şöbəsinin müdiri vəzifələrində işləmişdir.
2019-cu il oktyabrın 8-dən Azərbaycan Respublikasının Baş naziri vəzifəsində çalışmışdır, bu il fevralın 14-dən Baş nazir səlahiyyətlərini icra edir. Əli Əsədovun iqtisadi məsələləri dərindən bilən təcrübəli mütəxəssis olması Nazirlər Kabinetinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasında mühüm rol oynayır. Əli müəllim yüksək işgüzar və mənəvi keyfiyyətlərə malik olan, bütün bilik və bacarığını işə sərf edən bir insandir.
Hörmətli həmkarlar, əminliklə söyləmək olar ki, hörmətli Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri vəzifəsində fəaliyyətini layiqincə davam etdirəcəkdir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI