Vitse-spiker Adil Əliyevin məqaləsi 7 xarici ölkənin mətbuatında dərc olunub
Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin “2024-cü il – Azərbaycan üçün mühüm ildir” adlı məqaləsi Pakistan, Misir Ərəb Respublikası, Livan, İraq, Suriya, Səudiyyə Ərəbistanı və Əlcəzair kimi müsəlman ölkələrində ərəb dilində dərc olunub.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Vitse-spiker məqaləsində ölkəmizdəki sabitlikdən və 2023-cü ildə ölkəmizin qazandığı uğurlardan bəhs edib. Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasını qeyd edərək, Qoşulmama Hərəkatı kimi dünyanın 2-ci ən böyük təşkilatına uğurla sədrlik etməsindən danışıb. Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin keçdiyi uğurlu inkişaf yolundan bəhs edilir və Azərbaycanın dünyada beynəlxalq təşəbbüslərin səbəbkarı kimi tanınması, “vaksin milliyyətçiliyi”nin qarşısının alınmasında oynadığı mühüm rolu qeyd olunur.
Məqalədə Ermənistanın 30 ilə yaxın davam etmiş təcavüzündən sonra ölkəmizin öz torpaqlarını düşmən işğalından azad etməsi və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən iri layihələrdən, eləcə də ölkəmizin regionda sülhə verdiyi töhfələrdən bəhs edilib.
Ölkəmiz və onun həqiqətləri barədə geniş məlumat verilən məqalədə Azərbaycanın bu günə qədər evsahibliyi etdiyi tədbirlərdən, olimpiadalardan danışılıb, eləcə də bu il COP-29-un Bakı şəhərində keçirilməsi ilə bağlı dünya ölkələrinin yekdil qərarının rəsmi Bakıya olan yüksək etimadın göstəricisi olduğu diqqətə çatdırılıb.
Məqalə dərc olunduğu ölkələrdə maraqla qarşılanıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI