Milli Məclisdə görüş
Yanvarın 24-də Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qonaqları salamlayan Parlamentin İntizam Komissiyasının sədri, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov Azərbaycanın Özbəkistanla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib, Azərbaycan-Özbəkistan qardaşlıq münasibətlərinin çoxəsrlik tarixini vurğulayıb. O, bu gün iki ölkə arasında qarşılıqlı səmərəli əlaqələrin dinamik şəkildə inkişaf etməsində dövlət başçıları arasında mövcud olan səmimi dostluq münasibətlərinin, yüksək səviyyəli dialoqun və qarşılıqlı anlaşmanın mühüm rol oynadığını diqqətə çatdırıb.
Eldar İbrahimov ötən il ölkəmizin bütün ərazisində suverenliyini tam təmin etməsindən söz açıb, Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyinə görə Özbəkistan tərəfinə təşəkkür edib, Özbəkistanın işğaldan azad edilmiş Füzuli şəhərində müasir məktəb binası inşa etməsini xalqlarımız arasında möhkəm dostluq əlaqələrinin rəmzi kimi qiymətləndirib. Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri ikitərəfli münasibətlərin dərinləşməsində parlamentlərin rolunu vurğulayıb, beynəlxalq platformalarda qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətindən danışıb.
Səmimi görüşə görə təşəkkür edən Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidov Azərbaycan və Özbəkistan arasında əlaqələrin uğurla inkişaf etdiyini deyib. Azərbaycanın öz suverenliyini tam təmin etməsinin BMT qətnamələrinə, beynəlxalq hüquqa və tarixi ədalətə uyğun olduğunu bildirib. O, ölkələrimiz arasında çoxəsrlik tarixə malik olan dostluq və qardaşlıq münasibətlərinin genişləndirilməsi, bu istiqamətdə qanunverici orqanların fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Sonra Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Paşazadə və Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov çıxış edərək ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.
Görüşdə Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Hüseynov, Özbəkistan Ali Məclisi Senatının və Qanunvericilik Palatasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI