Milli Məclisin Mədəniyyət komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib
Yanvarın 18-də Milli Məclisin Mədəniyyət komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Fazil Mustafa bildirib ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Gündəliyin birinci məsələsini – 2023-cü ilin payız sessiyası dövründə Milli Məclisin Mədəniyyət komitəsində görülən işlər barədə hesabatı diqqətə çatdıran komitə sədri bildirib ki, ötən sessiyada komitənin 2 iclası keçirilib və 4 məsələ müzakirə olunub. Payız sessiyasında komitənin ünvanına daxil olmuş 68 məktub, təklif, ərizə və şikayətlə bağlı müvafiq tədbirlər görülüb. Fazil Mustafa vurğulayıb ki, hesabat dövründə komitə üzvləri yerli və beynəlxalq səviyyəli tədbirlərə qatılıblar, ölkədə və xaricdə keçirilən tədbirlərdə yaxından iştirak ediblər, seçicilərlə, şəhid ailələri və qazilərlə görüşlər keçiriblər.
Komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı ilə bağlı bildirilib ki, iş planında komitəyə daxil olacaq qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması, dinləmələrin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.
Sonra iclasda “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirə olunub.
Qanun layihəsi barədə məlumat verən Fazil Mustafa bildirib ki, təqdim olunan qanun layihəsi “Media haqqında” Qanuna uyğunlaşdırma məqsədilə hazırlanıb və əsasən terminoloji dəyişiklikləri özündə ehtiva edir.
Müzakirələrdə komitə sədrinin müavini Ülviyyə Həmzəyeva, deputatlar Novruzəli Aslanov, Əziz Ələkbərov, Cavanşir Feyziyev, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək ötən sessiya ərzində komitənin fəaliyyətini yüksək dəyərləndiriblər, yaz sessiyası üçün nəzərdə tutulan tədbirləri məqsədəmüvafiq hesab ediblər, təkliflərini səsləndiriblər.
Müzakirələrin yekununda Mədəniyyət komitəsinin 2023-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı nəzərə alınıb, komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı təsdiq edilib, gündəlikdəki qanun layihəsi isə birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda Mədəniyyət komitəsinin üzvləri Mixail Zabelin, Ülviyyə Ağayeva və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI