Sahibə Qafarova Qazaxıstan və Tacikistanın ölkəmizdəki səfirləri ilə görüşlər keçirib

0

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 18-də Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayellə görüşüb. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Görüşdə xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğu, əlaqələrimizin ümumi dəyərlər, ortaq tarix, din, dil əsasında uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Spiker Sahibə Qafarova deyib ki, həm Azərbaycan, həm də Qazaxıstan müstəqil ölkə kimi zəngin dövlətçilik ənənələri üzərində qurulub və bu gün həmin ənənələrə əsaslanaraq, öz inkişaflarını davam etdirirlər.

Milli Məclisin sədri qeyd edib ki, ölkə başçılarımız arasında əlaqələr münasibətlərimizin inkişafında böyük rol oynayır. Görüşdə qarşılıqlı səfərlərin, keçirilən görüşlərin və tərəflər arasında imzalanan sənədlərin əməkdaşlığın daha da genişlənməsinə töhfələri vurğulanıb. Söhbət zamanı Azərbaycanla Qazaxıstanın beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyi vurğulanıb.

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana rəsmi səfərini xatırladaraq, səfər çərçivəsində keçirilən görüşlərdən, parlamentlərimiz arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu bildirib. Spiker, həmçinin Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanovun ötən il Azərbaycan Respublikası Milli Məclisinin Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Sahibə Qafarova Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin və onun ölməz ideyalarının bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, Azərbaycanın bu siyasi kursa uyğun olaraq uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Milli Məclisin sədri parlamentarilərin öz xalqlarını təmsil etdiklərini, bu baxımdan qanunverici orqanlar arasında əlaqələrin daha da dərinləşməsinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə töhfə verdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan Milli Məclisinin Qazaxıstan Respublikasının Parlament Məclisi və Senatı ilə yüksək səviyyəli münasibətləri var. Tərəflər həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. Bu mənada, dostluq qruplarının uğurlu fəaliyyəti də qeyd edilib.

Milli Məclisin sədri Sahibə Qafarova görüşdə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, suverenliyimizin bərpası məsələlərindən danışıb. O, təəssüflə dünyada ikili standartların mövcud olduğunu bildirərək, qeyd edib ki, bu gün Azərbaycanın qazandığı nailiyyətləri həzm edə bilməyən bəzi dövlətlər ölkəmizə qarşı qərəzli, ədalətsiz mövqedən çıxış edirlər. Biz Fransanın son dövrlərdə Azərbaycana qarşı mütəmadi hal alan davranışlarında bunu aydın şəkildə görürük. Spiker Fransa Senatının bir neçə gün öncə qəbul etdiyi sonuncu qətnaməsini ikiüzlülüyün bariz nümunəsi adlandıraraq, deyib ki, Fransa bu cür addımları ilə beynəlxalq hüququn normalarına və prinsiplərinə də açıq hörmətsizlik nümayiş etdirir. 

Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Alim Bayel də ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluğunu bildirərək, dövlət başçılarımızın uğurlu fəaliyyətinin və qarşılıqlı səfərlərinin bu əlaqələrə töhfə verdiyini deyib. O, səfir kimi fəaliyyətində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə ölkələrimizin birgə icra etdiyi layihələrdən də danışılaraq, Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsi, Qazaxıstandan neftin Azərbaycan ərazisindən nəql olunması qeyd edilib.

Söhbətdə Azərbaycan və Qazaxıstan arasında humanitar sahədə də əməkdaşlığın inkişaf etdiyi bildirilərək, vurğulanıb ki, bu istiqamətdə keçirilən tədbirlər xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verir. Qeyd olunub ki, ötən il Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçirilib. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

***

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 18-də Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonla da görüşüb. 

Spiker Sahibə Qafarova Azərbaycan və Tacikistan arasında münasibətlərin qardaşlıq və dostluq xarakteri daşıdığını bildirib. Ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, logistika və digər sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün görülən işlər qeyd edilib. Görüşdə münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin və imzalanan sənədlərin mühüm əhəmiyyəti vurğulanıb. O cümlədən, Azərbaycan və Tacikistanın beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdiyi bildirilib.

Söhbətdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin parlamentlər çərçivəsində də uğurla davam etdirildiyi qeyd olunub. Milli Məclisin sədri özünün Tacikistana, Tacikistan Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlinin, Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanin ölkəmizə səfərlərini, keçirilən görüşləri məmnunluqla xatırladaraq, qeyd edib ki, Azərbaycan Respublikasının Milli Məclisi ilə Tacikistan Ali Məclisinin Milli Məclisi arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb. O, bildirib ki, bu sənədin imzalanması əməkdaşlığımızın daha da genişlənməsinə əsaslar yaradıb. İkitərəfli əlaqələrin daha da inkişafı baxımından dostluq qrupları ilə yanaşı, parlament komitələri arasında da əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb. Spiker qeyd edib ki, qanunverici orqanlarımız bir sıra beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edirlər.

Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon ölkəsinin dost Azərbaycanla münasibətlərə böyük önəm verdiyini və bu əlaqələri yüksək qiymətləndirdiyini bildirib. O, deyib ki, iki ölkə arasında əlaqələrin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin böyük rolu var. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir